“Zirə”nin UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Torpedo” (Gürcüstan) təcrübəli komandadır.

Futbolinfo.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov püşkatmadan sonra rəqibi dəyərləndirərkən deyib.

O, rəqib komandanın mütəmadi olaraq avrokuboklarda iştirak etdiyini xatırladıb:

“Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.

Shares: