“Kəpəz” Futbol Akademiyasının koordinatoru Vasif Vəliyevin futbolinfo.az saytına müsahibəsi
– Azərbaycanda uşaq futbolunun inkişafına mane olan ən ciddi problemlər hansılardır?
– Bir neçə problem qeyd edərdim. Fikrimcə, akademiyaların qarşılaşdığı əsas problemlər infrastrukturun bəzi sahələrdə yetərincə inkişaf etməməsi və savadlı kadr çatışmazlığıdır. Bir də maliyyə dayanıqlığının aşağı səviyyədə olmasını vurğulayardım.
– “Kəpəz” akademiyasının ən güclü və inkişaf etdirilməsi lazım olan tərəflərini açıqlaya bilərsiniz?
– Akademiyamızın güclü tərəfləri normal səviyyədə infrastruktura malik və məşqçi heyətinin kifayət qədər təcrübəli olmasıdır. İnkişaf etdirilməsi vacib olan istiqamətlərdən biri isə akademiyada çalışan əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.
– Gəncədə kifayət qədər futbol istedadı olduğu hər kəsə məlumdur. Ötən illər ərzində bu şəhər Azərbaycan futboluna xeyli sayda tanınmış oyunçu bəxş edib. Bəs yeni istedadların üzə çıxmasına nə mane olur?
– Məsələ burasındadır ki, Gəncədə yetişən futbolçuların hamısı “Kəpəz” klubuna qoşulmur. İstedadlı uşaqların əksəriyyəti daha yaxşı şərait və imkanlar təqdim edən digər klublara üz tuturlar.
– Qarşıdakı 3-5 il üçün “Kəpəz” akademiyasının əsas hədəfləri nələrdir?
– Təbii ki, hədəflərimiz var. Akademiyanın inkişafı üçün infrastrukturun daha da yaxşılaşdırılması, məşqçilərin bilik və bacarıqlarının artırılması, həmçinin Gəncədə fəaliyyət göstərən futbol məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi vacibdir.
– Uşaq futbolunda peşəkar və müasir metodikalarla çalışan məşqçilərin azlığı tez-tez qabardılan problemlərdəndir. Sizcə, Azərbaycanda uşaq məşqçilərinin hazırlanması sahəsində nə çatışmır?
– Dünya futbolu çox sürətlə inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün məşqçilərin davamlı olaraq öz üzərlərində işləmələri zəruridir. Bu məqsədlə onların müxtəlif kurslarda, seminarlarda və təlim proqramlarında daha fəal iştirak etmələri vacibdir.
– Aşağı yaşlarda nəticəyə və çempionluğa həddindən artıq önəm verilməsi futbolçu inkişafına mənfi təsir göstərir. Siz bu fikirlə razısınızmı?
– Bəli, futbolçuların inkişafına üstünlük verilməlidir. Bilirsiniz ki, AFFA-nın təşkil etdiyi çempionatlarda 13 yaşadək komandalar üçün xal sistemi tətbiq edilmir. Bu da məşqçilər üzərindəki nəticə təzyiqini azaldaraq onların diqqətini komandanın qələbəsindən daha çox futbolçuların fərdi inkişafına yönəltməsinə şərait yaradır.
– Valideynlərin məşqçilərin işinə müdaxiləsi nə dərəcədə ciddi problemdir? Bu müdaxilələr uşaqların inkişafına və komanda mühitinə necə təsir edir?
– Valideynlərin məşq prosesinə müdaxiləsi həm komandanın ümumi fəaliyyətinə, həm də öz övladlarının inkişafına mənfi təsir göstərə bilər. Belə halların qarşısını almaq üçün klub-valideyn və məşqçi-valideyn münasibətlərinin daha sağlam və peşəkar şəkildə qurulması vacibdir.
– Son illərdə texnologiya, telefon və sosial şəbəkələrin uşaqların fiziki aktivliyinə təsirindən çox danışılır. Bu amil uşaq futbolunda özünü nə dərəcədə göstərir?
– Peşəkar futbolçu olmaq üçün futbola daha çox vaxt və diqqət ayırmaq lazımdır. Müasir dövrdə texnologiya, mobil telefonlar və sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bu vasitələrdən düzgün və məqsədyönlü istifadə edildiyi təqdirdə, uşaqların inkişafına mühüm töhfə verə bilər.
ABBAS
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu







