“Səbail”in yeni baş məşqçisi Elnur Abdullayevin futbolinfo.az saytına müsahibəsi
- Söhbətə “Şahdağ Qusar”dan ayrılmağınızdan başlayaq. Yollarınız gözlənilmədən ayrıldı. Səbəb nə oldu?
- Açığı, bu ayrılıq planda yox idi, mənim üçün də gözlənilməz oldu. İki ilə yaxın idi ki, orada çalışırdım. İlk ilimdə II Liqada çempionluq yaşadıq. Sonra çətin dövrümüz oldu. Buna baxmayaraq, ayaqda qaldıq və I Liqanın ikinci dövrəsində ideal komanda formalaşdırdım. Həmin müddətdə ən çox xal yığan biz olduq. Oyunumuzla, performansımızla daha yuxarı pillələrə layiq olduğumuzu göstərdik. Amma bəzi məqamlar imkan vermədi ki, daha yuxarı yerlərdə qərarlaşaq. Mövsüm bitdikdən sonra klub rəhbərliyi ilə görüşdüm, danışıqlarımız oldu, amma anlaşa bilmədik. Nəticədə rəhbərlik yolları ayırmaq qərarını verdi. Hörmətlə yanaşıram, bunlar futbolda olan şeylərdir, heç kimlə problemim yoxdur. “Şahdağ Qusar”da gözəl günlərim oldu, azarkeşlərlə birlikdə II Liqada çempionluq yaşadıq. Çətin günlərdə belə, başda Rahid Əmirquliyev olmaqla, əl-ələ verib komandanı yuxarılara qaldırdıq. Bir sözlə, alnım açıqdır. “Şahdağ Qusar”a uğurlar arzulayıram. Artıq diqqətimi yeni komandama yönəldəcəyəm.
- “Səbail”ə təyinatınız necə baş tutdu? Təklifi konkret olaraq nə vaxt aldınız?
- “Şahdağ Qusar”dan ayrıldıqdan 2 gün sonra bir neçə klubdan təklif gəldi, onların içində “Səbail” də var idi. Klubun yeni rəhbərliyi məni dəvət etdi, oturub danışdıq. Həm onlar şərtlərini dedilər, həm də mən. Qarşılıqlı şəkildə anlaşdıq. Bu yolda mənə inandıqlarını söylədilər.
- “Səbail”in Qubaya köçəcəyi və klubun adının da “Quba” olacağı bildirilir…
- Bu haqda dəqiq məlumat verə bilməyəcəyəm. Çünki bu, rəhbərlik səviyyəsində olan bir şeydir. Vaxtı gələndə bununla bağlı açıqlama verilər. Mənim bu barədə nəsə danışmağım düzgün deyil. Xeyirlisi nədirsə, o da olsun.
- Komandanın qarşısına I Liqanın yeni mövsümündə konkret olaraq çempionluq tapşırığı qoyulub?
- Bəli, hədəf çempionluqdur. Təbii ki, çətin olacaq. Amma özümə, məşqçi heyətimə, yeni gələcək futbolçularıma və təbii ki, rəhbərliyə güvənirəm. Allah bizi utandırmasın. İnşallah ki, bu yolda uğur qazanacağıq.
- Heyətdə ciddi dəyişikliklər baş verəcək? Neçə oyunçu ilə yollar ayrılacaq və neçə transfer nəzərdə tutulub?
- Komanda, demək olar ki, sıfırdan yığılacaq. Bunların içində təcrübəli futbolçular da olacaq. Eyni zamanda, gənc oyunçulara şans veriləcək. Bundan əlavə, 4-5 legioner cəlb edəcəyik. Hazırda bu yöndə işlər gedir. Daha çox güc sərf edirik ki, hədəfə çata bilək.
- Məşqçi kimi qarşınıza hansı məqsədi qoymusunuz? Kateqoriyanızı artırmaq, Premyer Liqada baş məşqçi kimi çalışmaq hədəfləriniz sırasındadır?
- Elədir ki, var. Həmkarlarım kimi, mən də böyük məşqçi olmağı arzulayıram. Azərbaycan futbolu üçün faydalı məşqçi olmaq istəyirəm. Hər bir çalışdırıcının öz futbol fəlsəfəsi olduğu kimi, mənim də var. İstədiyim yerlərə çatmaq üçün durmadan çalışmalıyam. Əlimdən gələni edirəm.
ABBAS






