“Araz-Naxçıvan”ın braziliyalı sabiq hücumçusu Ramon Maçadonun futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”ın yollarını ayırdığı futbolçulardan biri də siz oldunuz. Əməkdaşlığın dayandırılması nə ilə bağlı oldu? Niyə sizə yeni müqavilə təklif edilmədi?

– Müqaviləm mövsümün sonunda başa çatdı və klub onu yeniləmək istəmədi. Nə deyə bilərəm? Bu, onların verdiyi qərar idi.

– “Araz-Naxçıvan”dakı karyeranızı ümumilikdə necə dəyərləndirirsiniz?

– Mən “Araz-Naxçıvan”da çox xoşbəxt idim. Çoxlu qollar və məhsuldar ötürmələrlə komandaya töhfə verdim. İlk ilim daha məhsuldar keçdi. İkinci ildə isə mövsümöncəsi zədə aldım ki, bu da müntəzəm oyun ritmimi pozdu. Buna baxmayaraq, iki ildən sonra ümumi statistik göstəricilərimdən razı halda ayrılıram.

– Sizcə, son mövsümdə hədəfə çatmağınıza nə mane oldu? Sezonun gedişində Andrey Demçenkonu baş məşqçi postuna gətirməkdənsə, Elmar Baxşıyevlə yola davam etmək daha doğru olmazdımı?

– Dekabr ayına qədər çıxışımız pis deyildi – inkişaf üçün imkan var idi, turnir cədvəlinin yuxarı pillələrinə yaxın idik. Lakin qış fasiləsindən sonra komanda ən yaxşı nəticələri əldə edə bilmədi.

– Təkliflər almısınız? Azərbaycanda qalmaq variantınız varmı?

– Hələ heç bir rəsmi təklif almamışam. Sadəcə, bir neçə danışıq olub, amma rəsmi xarakter daşımayıb. Məqsədim Azərbaycanda qalmaqdır. Ailəmlə birlikdə Bakını sevirik və artıq burada özümüzə uyğun həyat qurmuşuq.

– Azərbaycanda 3 klubun – “Neftçi”, “Qəbələ” və “Araz-Naxçıvan”ın formasını geyinmisiniz. Maraqlıdır, hansında özünüzü daha rahat hiss etmisiniz?

– Mənim üçün yalnız bir klubu seçmək düzgün olmazdı. Hər üçündə çox xoşbəxt idim. “Qəbələ”də kuboku qazandıq və komandanı avrokuboklara daşıdıq. “Neftçi” ilə çempionatı ikinci yerdə başa vurduq. “Araz-Naxçıvan”la isə üçüncü yeri tutduq və klubun tarixində ilk dəfə olaraq onu avrokuboklara çıxardıq.

– Son mövsümdə Azərbaycan Premyer Liqasında ən bəyəndiyiniz hücumçu və ehtiyat etdiyiniz müdafiəçi kim idi?

– Statistik göstəricilərə əsasən deyə bilərəm ki, mən və Felipe Santos çox uğurlu tandem yaratmışdıq. Həm “Qəbələ”də, həm də “Araz-Naxçıvan”da onunla birlikdə çıxış etdik və çoxlu qollara, məhsuldar ötürmələrə imza atdıq. Azərbaycanda qarşılaşdığım ən çətin müdafiəçi isə Ruan Renato olub. O, həqiqətən çox yaxşı oyunçudur.

FƏRİD

Shares: