Futbol tarixində elə komandalar var ki, məğlubiyyət onları sarsıtmır, əksinə, daha qüdrətli edir. Qədim yunan mifologiyasındakı Feniks quşu kimi. O Feniks ki, yanıb külə dönür, amma elə öz küllərinin içindən yenidən doğulur. Azərbaycan futbolunda da belə bir obraz varsa, onun adı “Qarabağ”dır.

Ağdam təmsilçisi ardıcıl 4 il Azərbaycan çempionu olduqdan sonra ötən mövsüm tacını “Sabah”a təhvil verdi. Əslində bu, bir imperiyanın süqutu deyil, sadəcə növbəti yürüşdən əvvəlki səssizlikdir. Çünki “Qarabağ” bu yay transfer bazarına adi iştirakçı kimi yox, gələcək uğurları hədəfləyən strateq kimi daxil olub.

Klubun gördüyü işlərə diqqət edərkən  aydın görünür ki, burada təsadüf yoxdur. Bu, uzun illərdir formalaşmış və nəticəsini dəfələrlə vermiş bir strategiyanın davamıdır. “Qarabağ” yenə yaşlı, karyerasının eniş dövrünü yaşayan futbolçuların arxasınca qaçmır. Ağdam klubu yenə gələcəyi satın alır, yenə gəncliyi seçir, yenə inkişaf potensialına sərmayə yatırır.

Əslində, transfer olunan futbolçuların siyahısına baxmaq kifayətdir. Hücum xəttinə Kiprin “Aris” klubundan gənc hücumçu Zakaria Savo gətirilib. Sol cinahda rəqabəti və sürəti artırmaq üçün Aradippu “Omoniya”sının sol vingeri Jali Muaddib heyətə cəlb olunub. Digər sol vinger Renaldo Sefas isə Rusiyanın “Pari Nijni Novqorod” klubundan gəlib. Mərkəz yarımmüdafiəsində Portuqaliyanın “Portimonense” klubundan Samuel Lobato komandaya qoşulub. Müdafiənin sol cinahı İspaniyanın “Almeriya” klubunda çıxış edən Bruno Lanqa ilə gücləndirilib. Qapı xəttinə isə Xorvatiyanın “Riyeka” klubunun qapıçısı, Bosniya və Herseqovina millisinin üzvü Martin Zlomisliç gətirilib.

Bu transferlərə diqqətlə baxdıqda bir məqam xüsusilə seçilir: “Qarabağ” yalnız bir mövqeni deyil, demək olar ki, bütün xətləri gücləndirir. Buna qətiyyən “kosmetik təmir” demək olmaz. Əslində bu, təməldən yenilənmədir.

Ən maraqlı məqamlardan biri qapıçı mövqeyində yaşanır. Avropa klublarının diqqətini cəlb etməyi bacaran Mateuş Koxalski kimi qapıçının mövcudluğuna baxmayaraq, klub bununla kifayətlənmir. Əksinə, Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçi də heyətə qatır. Bu addım göstərir ki, “Qarabağ” artıq rəqabəti gücləndirməklə maksimum həddə çatdırmaq istəyir. Həm də Koxalskinin mmkün gedişinə indidən hazırlaşır. Belədə polşalı üçün gələcək təklif zamanı onu itirmək qorxusu olmayacaq.

Cinahlarda da eyni mənzərə hökm sürür. Uzun illərdir komandanın simalarından biri olan Abdullah Zubirin mövqeyinə əlavə olaraq Jali Muaddib və Renaldo Sefas gətirilir. Buna sadəcə alternativ yaratmaq demək insafsızlıqdır. Bu, sürəti sürətlə, keyfiyyəti keyfiyyətlə artırmaq cəhdidir. Rəqiblər bir cinahdan gələn təhlükəni bağlayanda, digər cinahdan yeni fırtına qopacaq, buna əmin ola bilərsiniz!

Yarımmüdafiədə isə Leandro Andrade hələ komandadan ayrılmayıb. Buna baxmayaraq, klub artıq onun mümkün gedişinə hazırdır və Samuel Lobato kimi perspektivli futbolçunu heyətə cəlb edib. Bu mövqedə Kamilo Duran və Sefas da oynaya bilir. Bu isə bir daha sübut edir ki, “Qarabağ” hadisələrin arxasınca qaçmır, onları qabaqlayır.

Ən vacib məqamlardan biri isə maliyyə siyasətindəki dəyişiklikdir. Uzun illər transfer bazarında ehtiyatlı davranan klub artıq daha böyük addımlar atır. Artıq söhbət yalnız yarım milyon və ya bir milyon dollarlıq sərmayələrdən gedir. Ötən mövsümün nəticələri rəhbərliyə yeni mesaj verib. Və görünür, həmin mesaj eşidilib. “Qarabağ” “səxavət kisəsi”nin ağzını açıb. Çünki böyük hədəflər böyük cəsarət tələb edir.

Bu gün Ağdam klubuna baxanda insanın gözünün önündə əvvəlcə Feniks canlanır. Öz küllərindən yenidən doğulan əfsanəvi quş. Amma hekayə burada bitmir. Çünki bu Feniks böyüdükcə, gücləndikcə başqa bir obraza çevrilir. Azərbaycanın tarixindən, ruhundan və torpağından doğulan əzəmətli Qarabağ atına.

O Qarabağ atı ki, əsrlər boyu qüdrətin, dözümlülüyün və məğrurluğun rəmzi olub. İndi həmin at yenidən şahə qalxmağa hazırlaşır. Onun dırnaqlarının səsi hələ uzaqdan eşidilir. Amma yaxın gələcəkdə bu səs yenidən Azərbaycan futbolunda bütün meydanlarında gurultuya çevrilə bilər.

Bəzən daxili arenada bir mövsüm itirilir ki, bütöv bir dövr yenidən qazanılsın. “Qarabağ”ın yay transferləri də məhz belə təsir bağışlayır. Bu, məğlubiyyətin qəbul edilməsi yox, yeni hücumun elanıdır. Bu, geri çəkilmək deyil, daha uzağa tullanmaq üçün dizləri bükməkdir.

Və görünən odur ki, Ağdam klubu yenidən böyük yürüşə hazırlaşır. Feniks artıq küllərindən doğulub. İndi isə Qarabağ atı şahə qalxır. Yeni mövsümdə klub gücünü Avropa Liqasında sınayacaq.  Çempionlar Liqasında tariximizdə ilk dəfə əsas mərhələni geridə qoyaraq pley-offa yüksələn “köhlən atlar” bu dəfə ən azı eyni sıçrayışla yadda qalmaq istəyir. Bu dəfə “Qarabağ” yunan mifologiyasındakı Peqasa (Peqasus), yəni qanadlı ata dönəcək. Bunu bir kənara yazın!

TAHİR MİRZƏ

Shares: