Qış İdman Növləri Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəklə tramplindən tullanma idman növləri üzrə milli komandalarının üzvləri üçün mövsümöncəsi dopinqlə bağlı maarifləndirici onlayn təlim keçirilib.
Futbolinfo.az xəbər verir ki, AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov tərəfindən keçirilən təlimin əsas məqsədi idmançıların antidopinq qaydaları barədə biliklərinin artırılması, təmiz idman prinsiplərinin təşviqi və qarşıdan gələn yarışlar öncəsi onların məlumatlılığının gücləndirilməsi olub.
Təlim zamanı idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, qadağan olunmuş maddələr siyahısı, qida əlavələrinin istifadəsi zamanı yarana biləcək risklər, eləcə də antidopinq qayda pozuntularının hüquqi və idman nəticələri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, milli komandanın üzvlərini maraqlandıran suallar cavablandırılıb, real nümunələr əsasında dopinq risklərinin qarşısının alınması yolları izah edilib və yarışlar dövründə antidopinq tələblərinə tam riayət etməyin əhəmiyyəti xüsusi vurğulanıb.
