“Turan Tovuz”un avrokuboklardan kənarlaşdırılmasına görə, ardıcıl 3-cü mövsüm qitə yarışlarında oynamaq imkanı qazanan “Zirə” yeni macəraya hazırdır. Bu dəfə ilk yürüş Gürcüstana olacaq. Əvvəlcə Sumqayıtda “Topredo”nu qəbul edəcək, daha sonra Kutaisiyə yollanacaq komandamız ən azı 1 mərhələ keçmək iqtidarındadır.

Sovet dövründən də tanıdığımız və Gürcüstan futbolu üçün böyük oyunçular yetişdirən “Torpedo”nu tanıtmağa ehtiyac yoxdur. Hərçənd ki, püşkdən sonra onların tarixinə nəzər salmışdıq. İndi isə heyəti “təftişdən keçirək”.

Əslində, “Zirə”nin rəqibi kifayət qədər təcrübəli və legionertlərlə zəngin kollektivə malikdir. Komandanın heyətində Gürcüstanla yanaşı, Serbiya, Xorvatiya, Braziliya, Portuqaliya, Fransa, Ukrayna, Bolqarıstan və Qvineya-Bisaudan olan legionerlər çıxış edirlər. Bu komandanın heyətin ümumi bazar dəyəri təxminən 6,5 milyon avro qiymətləndirirlir.

“Torpedo”nun diqqət çəkən futbolçularından biri serbiyalı hücumçu Komnen Andriçdir. 31 yaşlı forvard peşəkar karyerası ərzində Serbiyanın “Radniçki və “OFK Belqrad”, Portuqaliyanın “Belenenseş”, Litvanın “Jalgiris”, Xorvatiyanın “İnter Zapreşiç”, “Riyeka” və “Dinamo” (Zaqreb), Rusiyanın “Ufa” və Fransanın “Klermon” klublarında çıxış edib. O, hazırda “Riyeka”ya məxsusdur və icarə əsasında “Torpedo”nun formasını geyinir. Andriç Serbiyanın U-20 millisində də oynayıb.

90f89f6f 3850 418e 8f4e d645e53182b1 - Futbolinfo.az

Komandanın digər tanınmış futbolçusu Giorgi Arabidzedir. Gürcüstan millisinin sabiq üzvü olan 28 yaşlı cinah oyunçusu futbola Tiflis “Lokomotiv”nin  akademiyasında başlayıb. 2015-ci ildə Donetsk “Şaxtyor”una transfer olunub, daha sonra Portuqaliyanın “Nasyonal”, Türkiyənin “Adanaspor”, Rusiyanın “Rotor”, Gürcüstanın “Samtredia”, Cənubi Koreyanın “Ulsan HD”  klublarında çıxış edib. Arabidze Gürcüstan millisində 4 oyunda 3 qol vurub və ölkəsinin bütün aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.

Braziliyalı Felipe Pires də heyətin ən təcrübəli legionerlərindəndir. 31 yaşlı futbolçu Avropadakı karyerası ərzində Avstriyanın “Zaltburq”, Almaniyanın “Hoffenhaym”, Braziliyanın “Palmeyras”, Xorvatiyanın “Lokomotiva”, Yunanıstanın “Volos”, Ukraynanın “Dnepr” klublarında çıxış edib. 2024-cü ildən “Torpedo”nun formasını geyinir. Onun Avropa Liqası və müxtəlif ölkələrin yüksək liqalarında oynamaq təcrübəsi var. “Zirə”nin müdafiə xətti üçün Pires əsl SOS siqnalı olacaq.

Komandanın kapitanı Vladimer Mamuçaşvili hazırda klubun ən dəyərli futbolçularından biri hesab olunur. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçunun bazar dəyəri təxminən 600 min avro qiymətləndirilir. O, uzun müddətdir “Torpedo”nun əsas heyət üzvlərindən biridir və 2026-cı il mövsümündə də komandanın məhsuldar oyunçuları sırasında yer alır.

Müdafiə xəttində də kifayət qədər təcrübəli futbolçular var. Xorvatiyalı Matej Şimiç Rumıniyanın “Sepsi” klubundan “Torpedo”ya keçib. Sol cinah müdafiəçisi Mateo Stamatov Bolqarıstan U-19 millisində çıxış edib və əvvəllər Rusiya klublarında oynayıb. Portuqaliyalı Jorjinyo və braziliyalı Varley də müdafiə xəttinin dayaqlarından sayılır.

Yarımmüdafiədə Xorvatiya futbol məktəbinin yetirmələri Mateo İtrak və Dino Skorup, ukraynalı Viktor Blizniçenko, Qvineya-Bisau əsilli Sori Mane, eləcə də gürcü futbolçular Giorgi Kokreidze və Davit Pertaya yer alırlar. Bu isə məşqçilər korpusuna rotasiya baxımından geniş seçim imkanı yaradır.

Qapıçılar arasında serbiyalı Filip Klyayiç və gürcü Oto Qoşadze diqqət çəkir. Klyayiç uzun illər Serbiya çempionatında çıxış edib, Qoşadze isə son mövsümlərdə “Torpedo”nun əsas qapıçılarından biri kimi çıxış edir.

“Torpedo”nun baş məşqçisi almaniyalı mütəxəssis Eberhard Dirk Şusterdir. 58 yaşlı çalışdırıcı futbol ictimaiyyətində daha çox Almaniyada qazandığı uğurlarla tanınır. O, məşqçilik karyerasına aşağı liqa klublarında başlasa da, adını ilk dəfə “Ştutqarter Kikkers”də tanıtmağa nail olub. Daha sonra rəhbərlik etdiyi “Darmştadt” ilə Almaniya futbolunda diqqətəlayiq uğura imza atıb. Şuster əvvəlcə komandanı III Liqadan II Bundesliqaya, ardınca isə Bundesliqaya yüksəldərək klub tarixinin ən uğurlu məşqçilərindən birinə çevrilib. Bu uğurdan sonra o, Bundesliqa təmsilçisi “Auqsburq”u çalışdırıb, daha sonra yenidən “Darmştadt”, “Erzgebirge Aue” və “Kayzerslautern”in baş məşqçisi olub. 2025-ci ilin fevralından isə “Torpedo”nu çalışdırır. Klub rəhbərliyi onunla 2027-ci ilin sonunadək müqavilə imzalayıb.

GgiQVt2WIAADKok - Futbolinfo.az

Şuster məşqçi karyerası ərzində praqmatik futbol tərəfdarı kimi tanınıb. Onun komandaları ilk növbədə nizam-intizamlı müdafiə oyunu, fiziki hazırlıq və kollektiv hərəkətliliyi ilə seçilib. Almaniyada işlədiyi dövrdə “Darmştadt”ın uğurunun əsas səbəblərindən biri də məhz kompakt müdafiə, sürətli keçidlər və standart vəziyyətlərdən maksimum yararlanmaq bacarığı hesab olunurdu.

“Torpedo”da da Şuster oxşar oyun modelinə üstünlük verir. Statistikaya əsasən, o, mövsüm ərzində daha çox 4-4-2 düzülüşündən istifadə edib. Ayrı-ayrı oyunlarda isə 4-2-3-1 və 4-3-3 sxemlərinə də müraciət edib. Bu da göstərir ki, alman mütəxəssis rəqibə uyğun taktiki dəyişikliklər etməyi bacarır və bir sxemlə kifayətlənmir.

“Torpedo”nun heyətinə nəzər saldıqda Şusterin oyun fəlsəfəsinin komandanın futbolçu seçiminə də təsir etdiyi görünür. Yuxarıda da qeyd etdiyimiz kimi, heyətdə fiziki cəhətdən güclü mərkəz hücumçusu Komnen Andriç, təcrübəli cinah oyunçuları Felipe Pires və Giorgi Arabidze, eləcə də müdafiədə Balkan futbol məktəbinin nümayəndələri yer alır. Bu heyət alman mütəxəssisin intensiv mübarizə, hava toplarında üstünlük və sürətli keçidlərə əsaslanan futbol modelinə uyğun formalaşdırılıb.

Cari mövsümdə “Torpedo”nun oyunlarında da bu yanaşma hiss olunur. Komanda müdafiədə kompakt oynamağa, top qazanıldıqdan sonra isə hücumlara nisbətən qısa müddətdə keçməyə çalışır. Şuster standart vəziyyətlərə də xüsusi önəm verir və hündürboy futbolçuların mövcudluğu bu elementdən səmərəli istifadə etməyə imkan yaradır. Eyni zamanda, ehtiyac yarandıqda komanda topa nəzarəti də öz üzərinə götürə bilir və taktiki sxemini matçın gedişinə uyğun dəyişir.

Ümumilikdə, “Zirə”ni Avropa futbolunda kifayət qədər tanınmış və yüksək səviyyədə iş təcrübəsi toplamış məşqçinin formalaşdırdığı komanda gözləyir. Dirk Şuster Almaniya futbol məktəbinin nizam-intizam, fiziki hazırlıq və taktiki çeviklik prinsiplərini “Torpedo”ya da aşılamağa çalışır. Bu baxımdan Gürcüstan təmsilçisinin ən böyük üstünlüyü fərdi ustalıqdan daha çox kollektiv oyun intizamı və taktiki təşkilatlanması hesab oluna bilər. “Zirə” üçün çətin olacaq, amma onları keçmək mümkündür.

596821018 25480961234869465 5628859794539032332 n - Futbolinfo.az

CAVAD

Shares: