“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında TNS-i qəbul edib.
Futbolinfo.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis çox çətin rəqiblə qarşılaşdıqlarını bildirib:
“Hər birinizi burda görməkdən şadam. Və ümid edirəm ki, belə çox jurnalisti mən Azərbaycan Premyer Liqasında – “Kəpəz”lə, “Şamaxı” ilə matçlarda da görə biləcəm.
Komandamı, “Sabah” ailəsini təbrik edirəm. Azərbaycan azarkeşlərini təbrik edirəm. Bu gün çox çətin rəqiblə qarşılaşdıq. Belə komandalara qarşı topu daha çox saxlamalısan. Bu gün biz çox yaxşı çıxış etdik. Uşaqları təbrik edirəm. Əfsuslar olsun ki, Stiv Solveti itirdik. Amma mən hesab edirəm ki, bizdə onu əvəzləyəcək kifayət qədər oyunçu var. Qarşıda bizi 90 dəqiqə gözləyir və biz 2:0 öndəyik. Ona görə də, rəqib daha çox irəli atılacaq.
Birinci hissədən sonra heç nəyi dəyişmək istəmirdim. Çünki biz möhtəşəm çıxış edirdik. Açıq desəm, birinci yarıda ikinci hissədən daha yaxşı çıxış etmişdik. İkinci hissədə daha çox hücumçuların mövqelərini dəyişmək istərdim. Mən hesab edirəm ki, biz ilk dəqiqədən sona qədər dominant tərəf idik və layiqli qələbə qazandıq.
Biz istəyərdik ki, daha çox qollar vuraq. Mən inanıram ki, cavab oyununda daha çox qol vuracağıq. Çünki rəqib geridə olduğuna görə boşluqlar verəcək. Belə olan halda, bizim daha çox fərqlənmək şanslarımız olacaq.
Bu cür sıx müdafiə olunan komandalara qarşı oynamaq çətindir. Heç kim fikirləşə bilməz ki, belə komandalarla matçda ilk hissədə 2-3 qol vuracağıq. Oyunu təhlil edəcəyik. Görək, Uelsdə necə olacaq.
Futbol elə bir oyundur ki, burada daha çox 1:0, 2:0 hesablı nəticələr qeydə alınır. Bəzən elə olur ki, fürsətlərdən yararlana bilmirsən və ya, əksinə olur, sadə qol vurursan. Amma mən yenə də demək istəyirəm, bu gün oyunçularımdan razı qaldım. Tətbiq etdiyimiz oyun planı var idi və futbolçular ona sadiq qaldılar. Nəzərə alaq ki, mövsümün ilk oyunudur”.
Cavab matçı iyulun 14-də səfərdə keçiriləcək.
