Müasir futbolun rəsmi yaranma tarixi 1863-cü il hesab olunur. Həmin il oktyabrın 26-da Londonda ilk Futbol Assosiasiyası yaradılmış və oyunun rəsmi qaydaları təsdiq edilmişdir. Bu yazımda futbolun yaranmasından indiyədək olan 163 ildə, tarixin ən yaxşı futbolçusu hesab etdiyim Lionel Messi haqqında danışacağam.
Sürprizləri sevmədiyim üçün ilk növbədə onu deməliyəm ki, yazının motivi Messiyə tənqiddir.
Kristiano Ronaldo və Lionel Messi arasında rəqabət əsasən Ronaldonun “Real”a keçdiyi 2009-cu ildən başladı. Həmin ildən etibarən verilən “Qızıl top”lar sıra ilə Messi və Ronaldoya təqdim olundu. Amma ən yaxşı futbolçuya verilən bu mükafatın əsas prinsipləri nələrdir?
“Qızıl top” üçün əsas bilinən 4 şərt var:
- Futbolçunun həmin il fərdi performansı
- Komanda oyununa təsiri
- Feyr pley qaydalarına uyğunluğu
- Futbolçunun ümumi karyerası
Dünya çempionatları olan illərdə adətən çempion komandaların yüksək performans göstərən oyunçuları istisna hal kimi bu mükafatı qazanırdı. 2002-ci ildə braziliyalı Ronaldo, 2006-cı ildə italiyan Fabio Kannavaro buna nümunələrdir.
Kristiano Ronaldo və Lionel Messi dövründə isə maraqlı bir təzad baş verdi. 2010-cu ildə dünya çempionatında çempion İspaniya olmasına baxmayaraq, mükafat Messiyə verildi. Nəzərə çatdıraq ki, həmin il çempion İspaniya, ikinci Niderland olmuşdu. Niderlandın əsas oyunçusu Uesli Şneyderin oynadığı klub olan “İnter” isə Çempionlar Liqasının qalibi olmuşdu. Bütün bu nəticələrə baxmayaraq, “Qızıl top” Messinin oldu. Yaxşı, deyə bilərik ki, istisna oldu. Bəs 2018-ci ildə Çempionlar Liqasının qalibi “Real”ın əsas və həmin ilin ümumilikdə ən yaxşı performans göstərən futbolçusu Ronaldo olduğu halda bu mükafatın Modriçə verilməsi təzad yaratmır?
Baxın, mən bütün bunlara baxmayaraq, Messinin tarixin ən yaxşı futbolçusu olduğunu düşünürəm. Ancaq tarixin ən yaxşısı haqsızlıqlarla qabağa getməməlidir. 2018-ci il Ronaldo və Messi rəqabətinin qırılma ilidir. Həmin il mükafatın Modriçə verilməsi bununla əsaslandırılırdı ki, Ronaldo və Messi dövrəsindən çıxılır və başqa futbolçuların da mükafatı qazanması üçün edilir. Ancaq 2019-cu ildə Çempionlar Liqasının yarımfinalında “Liverpul” qarşısında 0:4 darmadağın olan “Barselona”nın futbolçusu Messi yenidən “Qızıl top” qazanır. Heç bir dataya əsasən həmin il ən yaxşı performans göstərməyən Messi niyə bu mükafata layiq görüldü? Ardınca pandemiya dövründə mükafat verilmədi. Sonrakı il isə bütün dünya Levandovskinin qazanmalı olduğunu düşündüyü halda mükafat Messiyə verildi.
2018-ilə kimi Ronaldo və Messi rəqabəti zirvədə idi. Hərəsi 5 “Qızıl top” qazanmışdı, ancaq bundan sonra dediyim kimi, Messiyə 2 əlavə “Qızıl top” verildi və rəqabət zəiflədi. Burada təbii ki, belə bir reallıq da var ki, 2022-ci ildən sonra Ronaldo çox zəiflədi və əvvəlki kimi yüksək performans göstərə bilmədi. Messi 2022-dən sonra klassik hücumçu və ya driblinq mərkəzli superulduzdan çox oyunun tempini idarə edən yarımmüdafiə tipli yaradıcıya çevrildi. Buna baxmayaraq, ictimai rəy onu hələ də 2012-ci ilin fiziki dominantlığı ilə qiymətləndirir. 2022-ci il mundialı tarixin ən çox mübahisəli çempionatlarından biri oldu. Argentina leyhinə verilən penaltilər, qərarlar müzakirə olundu.
Baxın, mən demirəm ki, FİFA Messinin, ya Argentinanın yerinə gəlib qol vurdu. Əlbəttə, bu oyunları Argentina qazandı. Ancaq kiçik dəstəklər çox önəmli rol oynayır. Bu, FİFA-nın hakimlərə birbaşa “Argentinanı qabağa çəkin” əmri verməsi mənasına gəlməyə bilər, lakin yaranan atmosfer, media təzyiqi və turnirin gələcək taleyi hakimlərin qərarlarına psixoloji təsir göstərir. Həmin 20%-lik görünməz dəstək, qalan 80%-i yaxşı oynayan komanda üçün həlledici üstünlüyə çevrilir. Elə hazırda davam edən mundialda ilk oyunda Messinin qırmızı almaması bütün dünya tərəfindən müzakirə olunur. Misir millisinin baş məşqçisinin açıqlamaları da diqqətəlayiqdir:
“Qolumuz qeydə alınmadı. Penalti epizodumuz verilmədi. FIFA Messinin turnirdən kənarda qalmasını istəmir. Buna görə də oyunun əvvəlindən etibarən Argentina hakim dəstəyi aldı. Mən hansı ədalətdən danışım? Təəssüf ki, futbolda hər şey texnika və taktika ilə bitmir. Bəzi məsələlər meydandan kənarda həll olunur”.
ABŞ-ın “New York Post” qəzeti də bu barədə məqalə yayımlayıb. “Misir VAR sisteminin növbəti qurbanı oldu” başlıqlı məqalədə deyilir ki, Misirin ləğv edilmiş qolu VAR-ın xətasıdır, üstəlik, Argentinanın 3-cü qolundan əvvəl Məhəmməd Salaha qarşı da qayda pozulmuşdu, o zaman VAR bu qolu da ləğv etməli idi. Həmçinin bir çoxları hesab edir ki, Argentinanın 3-cü qolu ləğv edilməli və Misirin xeyrinə penalti təyin edilməli idi.
Həmin hücumdan əvvəl Argentinanın cərimə meydançasında ard-arda iki penalti epizodu yaranıb. Amma VAR onların heç birini araşdırmayıb. Nədənsə, eyni vəziyyətlərdə hakimlər və VAR fərqli qərarlar veriblər”
Bəs FİFA-ya Messini çempionatda saxlamaq niyə lazımdır? Bir çox səbəb var, əlbəttə. Ancaq işin maddi tərəfini ən azından hesablamaq olar.
FIFA-nın 2026-cı il Dünya Kubokunda sırf Lionel Messiyə, yəni “Messi effekti”nə görə proqnozlaşdırılan gəlirləri 20% artaraq 14 milyard dollara çatıb. Bu isə “Messi effekti”nin təxminən 2.8 milyard dollarlıq əlavə dəyər yaratması deməkdir.
“Argentina Premium” qiyməti ikinci əl bilet bazarında orta hesabla 913 dollara yüksəlib. FIFA rəsmi təkrar satış platformasında həm alıcıdan, həm də satıcıdan 15% komissiya tutur. Messini canlı izləmək istəyən azarkeşlərin böyük tələbatı sayəsində FIFA-nın 3 milyard dollarlıq bilet və qonaqpərvərlik (hospitality ) gəliri hədəfini xeyli üstələyib. Belə ki, FIFA əvvəlcədən daha ucuz qiymətə bron etdiyi hotel və restoran paketlərini sonradan daha yüksək qiymətə fərdi, xüsusilə VIP qonaqlara və korporativ müştərilərə sata bilir. Bilet bazarında qiymətləri canlı izləyən sistemlər göstərir ki, Argentinanın Misirə qarşı gərgin keçən 1/8 final oyununda komanda geridə olarkən bilet qiymətləri düşmüş, lakin Messinin geri dönüş qollarından sonra dərhal kəskin şəkildə yüksəlmişdir. Bu geri dönüş FIFA-nı növbəti mərhələlərdə yüz milyonlarla dollar potensial itkidən xilas edib.
Messinin turnirdəki möhtəşəm çıxışı ən böyük gəlir effektini media hüquqları sahəsində yaradır və hətta növbəti Dünya Kuboku dövrləri üçün böyük media şirkətləri arasında rəqabəti artırır. “Disney”, “Netflix” və “YouTube” kimi nəhənglərin hər biri 2030-cu il Dünya Kubokunun yayım hüquqları üçün indidən FIFA-ya 2 milyard dollar təkliflər ediblər.
Digər tərəfdən ABŞ futbolçusu Baloqunun qırmızı vərəqəsinin ləğv olunması da siyasətin FİFA-ya necə təsir etdiyini açıq-aşkar göstərir.
Futbolu dünyada bu qədər sevilən edən şey “Davit Qoliata qarşı” hekayələri idi – yəni kiçik və zəif komandanın saf ürək, taktika və mübarizə ilə nəhəngləri diz çökdürə bilməsi ehtimalı. Lakin sistem “böyük ulduzun geri dönüş hekayəsi milyardlar qazandırır” məntiqi ilə hərəkət edəndə və VAR kimi texnologiyalar bu hekayəni qorumaq üçün susanda, oyunun o unikal sehri itir. İnsanlar artıq ssenarisi əvvəlcədən yazılmış bir şounu izlədikləri hissinə qapılırlar.
Acı həqiqət budur ki: Messinin rəqib müdafiəçiləri çarəsiz qoyan o dahi sol ayağının heç bir köməyə, qorumaya ehtiyacı yox idi. O, onsuz da tarixin ən yaxşısı olacaqdı. Amma futbol sənayesi işi şansa buraxmaq istəmədi. Messini qorumaq instinkti, oyunun ən ali dəyəri olan idman ədalətini kölgədə qoydu.
Lionel Messi, şübhəsiz ki, ayağına top dəyən ən istedadlı insandır və bəlkə də bu dəstəklər olmasaydı belə, öz dühası ilə bir çox uğura imza atacqdı. Lakin sistemin onu bir “pul maşını” kimi istifadə etməsi və bəzi məqamlarda süni şəkildə qoruması, onun təmiz idman mirasına kölgə salır.
HƏSƏN FƏTƏLİYEV
