“Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirinin 1/4 finalında ATP reytinqinin lideri Yannik Sinner dünya sıralamasında 74-cü pillədə qərarlaşan Yan-Lenard Ştruffu məğlub edib. 2 saat 37 dəqiqə davam edən qarşılaşmada italiyalı tennisçi ilk seti 7:5, ikinci seti tay-brekdə qazanıb, üçüncü hissədə isə rəqibinə cəmi 3 geym verib.
Sinner görüşü 16 eys və 3 breyklə başa vuraraq “Böyük Dəbilqə” turnirlərində 10-cu dəfə yarımfinala yüksəlib və bu göstəricidə Rocer Federer, Rafael Nadal, Novak Cokoviç və Karlos Alkarasın nəticəsini təkrarlayıb. O, həmçinin ATP reytinqinin lideri kimi 95-ci qələbəsini qazanaraq bu göstəricidə Stefan Edberqi geridə qoyub.
Digər 1/4 final qarşılaşmasında Novak Cokoviç Feliks Ojye-Alyassim üzərində 5 setdə qələbə qazanıb. 5 saat 15 dəqiqə davam edən görüş “Uimbldon” tarixində 1/4 final mərhələsinin ən uzun matçı kimi tarixə düşüb.
Cokoviç turnirdə 8-ci dəfə yarımfinala yüksəlib. Serbiyalı tennisçi iki dəfə hesabda önə çıxsa da, dördüncü setin tay-brekini uduzub, həlledici hissədə isə əlavə xallarda üstün olaraq qələbəni təmin edib. Novak matç ərzində qazandığı 13 breyk fürsətindən yalnız 2-ni reallaşdırıb.
Qadınların yarışı da maraqlı mübarizə şəraitində keçib. Son vaxtlar yüksəlişdə olan yaponiyalı yaponiyalı Naomi Osaka 1/4 finala qədər irəliləsə də, bu mərhələdə çexiyalı Karolina Muxovaya 6:7 və 4:6 hesabları ilə uduzub. Amerikalı raketka ustaları Cessika Pequla ilə Kori Qauff arasında oyun isə 3 set davam edib. Bu görüşdə Qauf ilk bölümdə 4:6 hesabı ilə uduzsa da, növbəti hissələrin hərəsində rəqibə cəmi 3 geym verərək yarımfinala yüksəlib.
