Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürdü. Səhnəyə ilk çıxan Çempionlar Liqasında debüt edən “Sabah” oldu. 2025/26 mövsümünü “qızıl dubl” ilə tamamlayan “bayquşlar”ın ÇL-dəki startı uğurlu alındı.
Əvvəla, onu qeyd edək ki, “Sabah”dan avrokubokların cari mövsümündə gözləntilər böyükdür. Bu da əbəs yerə deyil. Masazır təmsilçisi ötən sezonda əla oyun nümayiş etdirərək, “Qarabağ”ın liqadakı hegemonluğuna son qoymağı bacardı. Hər iki daxili turnirdə Ağdam klubundan üstün olan Valdas Dambrauskasın yetirmələrinin ÇL-də də uğurlu nəticələrə imza atacağına inam çoxdur.
Uelsin TNS klubunun “Sabah”ın dişinə görə rəqib olduğu, bakılıların 1-ci təsnifat mərhələsini çətinlik çəkmədən keçəcəyi danışılırdı. Duelin ilk hissəsi bu cür dəyərləndirmələrin haqsız olmadığını isbatladı. “Sabah” rəqibinə, demək olar ki, şans vermədi.
Ənənəvi 4-2-3-1 taktiki sxeminə sadiq qalan Dambrauskas start heyətdə çempionluq yaşamış futbolçulara şans verdiyindən, ilk “11-lik”də yeni transferlərdən heç kim yox idi. Zatən, gözlənilən də bu idi. Oturuşmuş heyətin üzvləri bir-birlərini daha yaxşı başa düşürlər, komandaya bu yay qoşulanlar isə hazırda adaptasiya mərhələsindədirlər.
“Sabah” ilk dəqiqələrdən ərazi üstünlüyünü ələ keçirsə də, başlanğıcda komandanın oyununda bir qədər həyəcan hiss olunurdu. Bu, ötürmələr və zərbələr zamanı özünü göstərirdi. Çempionlar Liqasında ilk matça çıxdıqlarını nəzərə alsaq, futbolçuların start həyəcanının olması normal idi. Dəqiqələr keçdikcə həmin həyəcan yox oldu. Amma ardıcıl hücumlar qurmasına baxmayaraq, fasiləyədək “Sabah”ın çərçivəyə gedən cəmi 1 zərbəsi oldu, o da 45-ci dəqiqədə.
“Sabah”ın heyətində ilk dəqiqələrdən ən fəal futbolçunun Velko Simiç olduğunu desək, yanılmarıq. Serbiyalı yarımmüdafiəçi əzmkarlığının və fəallığının bəhrəsini ikinci hissədə gördü. Aydın məsələ idi ki, fasilədən sonra “Sabah” təzyiqi daha da artıracaq. Bu məqamda Dambrauskas da doğru həmlə etdi. Qolun gecikdiyini görən litvalı mütəxəssis bir saatın tamamında dayaq yarımmüdafiəçisi Umarali Rahmonaliyevin əvəzinə Patrik Mbinanı oyuna qoşaraq iki hücumçulu sistemə keçdi. Və çox çəkmədi ki, “Sabah” hesabı açdı. 66-cı dəqiqədə Timoteuş Puxaçın kornerdən hava ötürməsini nəzarətsiz qalan Simiç dəqiq baş zərbəsi ilə qapıdan keçirdi. Həmin anda rəqib futbolçular “Sabah”ın daha ucaboy oyunçularının önünü kəsməyə fokuslandığından, Velko boş qalmışdı. O da bu fürsəti lazımınca dəyərləndirə bildi. Yeri gəlmişkən, bu, Çempionlar Liqasında ilk qol kimi “Sabah”ın tarixinə düşdü.
Hesabda önə keçən kimi dərhal ikinci qolun axtarışına çıxan “bayquşlar” bu məqsədlərinə də çatdılar. 84-cü dəqiqədə Simiçin ara ötürməsindən sonra Kahim Parris topu rəqib qapısından keçirdi. O Parris ki, cəmi 7 dəqiqə öncə meydana buraxılmışdı. Bu məqam Dambrauskasın oyunu yaxşı oxuya bildiyini bir daha təsdiqlədi.
Hər şey “Sabah”ın lehinə olduğu bir vaxtda yeganə məyusedici məqam 90+2-ci dəqiqədə Stiv Solvenin qırmızı vərəqə alması oldu. 30 yaşlı təcrübəli müdafiəçi TNS ilə cavab matçında komandasına kömək edə bilməyəcək. Onun yoxluğu Azərbaycan çempionunun işini çətinləşdirə bilər, amma “Sabah”a böyük ölçüdə mane olmamalıdır. Heç rəqibin ev oyunlarını süni örtüklü meydançada keçirməsi də masazırlılar üçün qorxu yaratmamalıdır. “Sabah” Azərbaycanda süni örtüklü meydanlarda xeyli səfər oyunu keçirib, yəni buna immuniteti çoxdan yaranıb.
TNS ev matçında hücuma daha çox atılmağa məcburdur. Bu isə “Sabah”a rəqibi əks-hücumlarda yaxalamaq imkanı verəcək. Hamımız “bayquşlar”ın heyətində sürətli əks-hücuma çıxa biləcək futbolçuların olduğunu bilirik. Odur ki, ikinci görüşdə də Bakı təmsilçisinin qələbə qazanmaq ehtimalı realdır. Oyundan-oyuna daha yaxşı forma yığacaq “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə düşmək ehtimalı heç də az deyil.
AĞA
