Ötən mövsüm tarixi avrokubok nəticəsi fonunda çempionluğu “Sabah”a təhvil verən, ölkə kubokunda da məqsədinə çatmayan “Qarabağ” vaxt itirmədən labüd dəyişikliklərə əl atdı. Ağdam təmsilçisi keçən sezon bitməmiş yeni transferlərə başladı və bununla da heyətdə köklü dəyişikliklərin olacağının müjdəsini verdi.
Heyətə qatılan ilk yeni oyunçu Jali Muaddib oldu. 25 yaşlı fransalı vingerlə 3 illik müqavilə imzalandı. Kiprin “Omoniya” klubundan cəlb olunan “7 nömrə”nin transferi – elə sonrakılar da – narıncı rəngdə təqdim olundu. Bu, klubdakı narıncı dəyişikliyə, yəni inqilaba işarə idi.
Növbəti transfer Zakaria Savo oldu. İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələndi və 26 yaşlı isveçli hücumçu “Qarabağ”la 3 illik müqaviləyə qol çəkdi. Qambiyalı forvardın keçidinə görə “Yurqorden”ə 800 min avro təzminat ödənildi.
Narıncı dəyişim Samuel Lobato ilə davam etdi. Portuqaliyanın “Portimonense” klubundan transfer edilən 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə də 3 illik müqaviləyə qol çəkildi.

4-cü transfer Bruno Lanqa oldu. Mozambikli sol cinah müdafiəçisinin keçidi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşdı və 28 yaşlı futbolçu da özündən əvvəlkilər kimi 3 illik sözləşmə imzaladı.
Narıncı dəyişim yeni qapıçı ilə davam etdi. Bu, DÇ-2026-nın iştirakçısı Martin Zlomisliç oldu. Bosniya və Herseqovina millisinin heyətində mundialda iştirak etmiş qolkiper Xorvatiyanın “Riyeka” klubundan transfer edildi. Onunla 3+1 illik müqavilə bağlandı.
Çox keçmədi ki, 6-cı transfer – Renaldo Sefasın keçidi açıqlandı. Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış etməyi bacaran yamaykalı futbolçu Rusiyanın “Pari Nijni Novqorod” klubundan alındı. 3 illik müqaviləyə qol çəkən 26 yaşlı oyunçunun keçidi “Qarabağ”a 2,5 milyon avrodan bir az çox məbləğə başa gəldi. Bu məbləğin 1 milyon avrosu təzminat olaraq “Pari Nijni Novqorod” klubuna ödənildi. Futbolçunun özü isə ildə yarım milyon avro olmaqla 3 ilə 1,5 milyon avro qazanacaq. Beləliklə, Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu statusuna yiyələndi.
Daha sonra Macarıstanın “Zalaeqerseq” klubu ilə danışıqlar müsbət nəticələndi və Bense Varkonyi “Qarabağ”ın sıralarına qoşuldu. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisi ilə də imzalanan müqavilənin müddəti 3 illikdir.
Hələlik son transfer isə Cebrail Makreçkis olub. Macarıstanın “Ferentsvaroş” klubundan alınan latviyalı müdafiəçi ilə də 3 illik anlaşmaya qol çəkilib. Bu keçidə görə “Qarabağ”ın 1 milyon avroya yaxın pul xərclədiyi bildirilir.
Göründüyü kimi, “Qarabağ” bu yay transferlərə əməlli-başlı pul xərcləməsi ilə diqqət çəkdi. Məbləğin 5 milyon avrodan çox olması varədə iddialar var. Yay “transfer pəncərəsi”nin sonuna kimi minimum daha 1-2 yeni keççdin həll ediləcəyi gözlənilir.

Ağdam təmsilçisi digər tərəfdən heyətin təmizlənməsi işini gördü. Fabian Buntiç, Amin Ramazanov, Sami Mmae, Toral Bayramov, Ramil Şeydayev və Emmanuel Addainin gedişi gözlənilən idisə, Kevin Medina, Leandro Andrade və xüsusən də Kamilo Duranın ayrılıq xəbəri “Qarabağ” azarkeşləri üçün sürpriz oldu. Yenə də Medianın 34 yaşın içində olması, artıq 6 il idi “köhlən atlılar”a xidmət etməsi onun gedişini qəbullanmağa haradasa kömək etdi. Ancaq 27 yaşlı Andradenin və 24 yaşlı Duranın ayrılığı heç də yaxşı olmadı. Könül istərdi ki, edilən çoxsaylı transferlərlə yanaşı, bu futbolçular da “Qarabağ”da qalardı.
Təbii ki, heç də hər şey təkcə baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinin istəyindən asılı olmur. Belə məqamlarda futbolçuların qərarı da həlledici rol oynayır. Həm Leandro, həm də Duran daha artıq qazanc müqabilində daha yaxşı çempionatda oynamağı üstün tutdu. Bu, klubun da onların transferindən pul qazanmasına şərait yaratdı. Nəticədə “Qarabağ” Leandronun satışından 3, Kamilonun “Seltik”ə keçidindən isə 6,4 milyon avro qazandı. Həm də onlardan qazanılan pul 8 yaxşı transferin reallaşmasına şərait yaratdı.
Yeri gəlmişkən, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı futbolçu oldu. Yay fasiləsində Mateuş Koxalski, Mateus Silva və Marko Yankoviçin də gedəcəyi haqda xəbərlər yayılsa da, onların yeni mövsümü də “Qarabağ”da keçirəcəkləri dəqiqdir.
Duranın sürpriz gedişi onun boşluğunu doldurmağı labüd edir. Üstəlik, kolumbiyalının keçidindən əldə olunan rekord gəlir də “Qarabağ”ın daha bir neçə yeni transfer həyata keçirməsinə şərait yaradır. Daha bir mərkəz hücumçusu və mərkəz müdafiəçisi almaqla transfer çalışmalarını yekunlaşdırmaq olar.
Heyətə cəlb olunan yeni futbolçuların səviyyəsi Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” (İslandiya) ilə ilk oyundaca (3:0) hiss olundu. 8 yeni transferdən 6-nı bu görüşdə iş başında görə bildik. Zakaria Savo 1 qol və 1 assistlə yadda qaldı. Meydana sonradan çıxan Renaldo Sefas da “Qarabağ”dakı ilk rəsmi matçında qol vurmağı bacardı. Lobato 3-cü qol zamanı əks-hücumu başladan və əla ötürməsi ilə Savonun boş zonada irəliləməsinə şərait yaradan şəxs oldu. Müdafiənin sol cinahında yer alan Lanqa da meydanda olduğu müddətdə fəallığı ilə seçildi. Medinanın boşluğunu doldurmaq üçün transfer edilən Varkonyi gənc olmasına rəğmən, mövqeyində güvən verir. Muaddib də Leandro Andradenin yoxluğunu unutduracaq səviyyədədir.
Bir sözlə, “Qarabağ” son nöqtə transferləri də etdikdən və bütün yeni gələnlər komandaya tam adaptasiya olduqdan sonra daha qarşısıalınmaz komandaya çevriləcək. Buna həm Azərbaycan çempionatı və kubokunda, həm də Avropa Liqasında şahidlik edəcəyik.
ABBAS