Saşa İliçin gedişindən sonra “Sumqayıt”ın hansı mütəxəssisə tapşırılacağı maraq doğrurdu. Bir müddət susqunluqdan sonra “gənclik şəhəri”nin təmsilçisi yenə də ölkə xaricinə üz tutmaq qərarına gəlib. Bu dəfə Xəzərin sahillərinə külək Atlantik okeanın sahillərindən əsəcək. Yəqin ki, tanımırsınız, amma adını bilirsiniz: portuqaliyalı Filipe Kandido.
1979-cu il sentyabrın 28-də Portuqaliyanın paytaxtı Lissabonda anadan olan Filipe Manuel Nuneş Kandido futbol həyatına ölkənin ən məşhur futbol akademiyalarından biri sayılan “Sportinq”in sistemində başlayıb. Sol cinah yarımmüdafiəçisi kimi çıxış edən Kandido gənc yaşlarından perspektivli futbolçulardan biri hesab olunurdu. O, yeniyetməlik illərinin böyük hissəsini “Sportinq”də keçirsə də, inkişafını İspaniyanın nəhəng klubu “Real”ın akademiyasında tamamlayıb.
Madrid təmsilçisində məşq etdiyi dövrdə əsas komandanın hazırlıq prosesinə də cəlb olunan portuqaliyalı futbolçu əfsanəvi italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışmaq imkanı qazanıb. Həmin dövrdə ona İspaniya təmsilçisi “Leqanes”ə icarəyə göndərilmək təklif olunsa da, Kandido bu variantdan imtina edərək vətəninə qayıtmağa üstünlük verib.
Peşəkar karyerasına “Vitoriya Setubal”da başlayan Kandido sonradan Portuqaliya yüksək liqasında “Salqeyruş”un formasını geyinib. O, ölkə çempionatının elitasında ümumilikdə 16 oyuna çıxaraq 2 qol vurub. Daha sonra “Felqeyraş” və “Lesa”nın heyətində Portuqaliyanın ikinci liqasında çıxış edib, burada isə 42 oyunda 3 qolla yadda qalıb.
Futbolçu karyerasının böyük hissəsini aşağı liqa klublarında keçirən Kandido müxtəlif vaxtlarda maaş problemləri ilə də üzləşib və sonradan bir sıra klubları məvacibləri vaxtında ödəməməkdə ittiham edib.
Məşhur futbol agenti Jorje Mendeşin müştərisi olan Kandido 2005-ci ildə dörd aylıq maaş borcuna görə “Akademiko Vizeu”dan ayrılıb və Cənubi Koreyanın K Liqasında çıxış edən “Buçon SK” ilə müqavilə bağlayıb. Lakin onun Asiyadakı macərası uzun çəkməyib. Yerli qidalanma tərzinə uyğunlaşa bilmədiyi üçün qısa müddət sonra Portuqaliyaya qayıdıb və bir vaxtlar Vəli Qasımovun da oynadığı “İmortal”da çıxış edib. Ardınca yenidən legioner həyatı yaşamaq qərarı verərək Bolqarıstanın “Lokomotiv” (Sofiya) klubuna keçib. Burada da maaş problemləri ilə üzləşən futbolçu hətta təhlükəsizliyi ilə bağlı dolayı təhdidlər aldığını açıqlayıb. Nəticədə müqaviləsinə keçmiş “Sportinq” futbolçusu İvaylo Yordanovun tərcüməçi kimi iştirak etdiyi telefon danışığı zamanı xitam verilib. 2006-cı ilin yayında isə həmyerlisi Rikardu Koşta ilə birlikdə Yunanıstanın “Kavala” klubuna transfer olunub.
Kandido Portuqaliyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında da çıxış edib. O, aşağı yaş qruplarında ümumilikdə 17 oyun keçirib. Portuqaliyanın U-21 millisində isə yeganə matçına 2000-ci il yanvarın 25-də ABŞ yığmasına qarşı keçirilən və 1:0 hesablı qələbə ilə başa çatan yoldaşlıq görüşündə çıxıb.
2013-cü ilin yayında futbolçu karyerasını “Susense”də başa vuran Kandido elə həmin klubda məşqçiliyə başlayıb. Portuqaliyanın III Divizionunda mübarizə aparan komandanı iki ilə yaxın çalışdıran mütəxəssis bu müddətdə 68 oyunda 27 qələbə, 14 heç-heçə və 27 məğlubiyyət görüb. Onun rəhbərliyi altında komanda 91 qol vurub, 95 top buraxıb. Bu dövr Kandidonun gələcək məşqçilik karyerasının təməlini qoyub.
2016-cı ilin yayında “Pakuş de Ferreyra”nın 19 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edən portuqaliyalı mütəxəssis həmin ilin noyabrında “Salqeyruş”un baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib və 6 dəfə uduzub. “Salqeyruş” Şimal zonasında mövsümü dördüncü pillədə başa vursa da, Kandido klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən 2017-ci ilin aprelində postunu tərk edib. Buna səbəb onun razılığı olmadan həyata keçirilən bəzi transferlər idi.

2018-ci ilin sonlarında “Uniao de Leyriya”nın “sükanı arxasına” keçən Kandido burada diqqətçəkən nəticələr əldə edib. Komanda öz qrupunun qalibi olsa da, pley-off mərhələsinin yarımfinalında penaltilər seriyasında mübarizəni dayandırıb. Buna baxmayaraq, klubda dörd aydan artıq müddətdə maaşların ödənilməməsi məşqçinin ayrılmasına səbəb olub. “Leyriya” onun başçılığı altında keçirdiyi 44 oyunda 24 qələbə qazanıb, 11 heç-heçə edib və 9 dəfə məğlub olub.
2020-ci ilin mayında Kandidonun məşqçilik karyerasında mühüm dönüş baş verib. O, ilk dəfə peşəkar statusa malik liqada çalışan baş məşqçi kimi Portuqaliya II Liqasının “Mafra” klubuna baş məşqçi təyin edilib və onlarla iki illik müqavilə imzalayıb. Komanda mövsümə uğurlu başlasa da, ardıcıl dörd məğlubiyyətdən sonra turnir cədvəlində 10-cu pilləyə geriləyib. Bunun ardından 2021-ci ilin aprelində mütəxəssis istefa verib. “Mafra” onun rəhbərliyi altında keçirdiyi 30 oyunda 9 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Həmin ilin iyununda Kandido yenidən “Leyriya”ya qayıdıb. Portuqaliya III Liqasında çıxış edən komanda ilə cəmi yeddi oyuna rəhbərlik edib. Bu görüşlərdə 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb. Onun klubdan ayrılmasına səbəb isə ölkə futbolunun elit divizionundan gələn təklif olub.
2021-ci ilin oktyabrında Kandido Portuqaliya yüksək liqasında çıxış edən B SAD ilə bir il yarımlıq müqavilə imzalayıb. Həmin vaxt komanda 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşmışdı. Debüt görüşündə B SAD səfərdə “Boavişta” ilə qolsuz heç-heçəyə nail olub. Lakin həmin mövsüm Portuqaliya futbolunun ən qeyri-adi hadisələrindən biri məhz Kandidonun rəhbərlik etdiyi komandanın iştirakı ilə yaşanıb. Koronavirus səbəbindən əsas heyətin böyük hissəsini itirən B SAD “Benfika” ilə oyuna cəmi doqquz futbolçu ilə çıxıb. Heyətdə iki qapıçı yer alıb və onlardan biri yarımmüdafiəçi kimi oynayıb. İlk hissə 0:7 hesabı ilə başa çatdıqdan sonra komanda ikinci hissəyə yeddi nəfərlə davam edib. Sonradan meydan oyunçusu kimi çıxış edən qapıçının zədələnməsi səbəbindən futbolçuların sayı minimum həddən aşağı düşüb və qarşılaşma vaxtından əvvəl dayandırılıb.

Kandido 2022-ci ilin yanvarında “Aroka” üzərində 2:1 hesablı qələbədən sonra klub rəhbərliyi, xüsusilə İdarə Heyətinin sədri Rui Pedro Soareşlə yaşadığı fikir ayrılığı səbəbindən istefa verib. O, B SAD-də keçirdiyi 10 oyunda 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə kifayətlənib.
2022-ci ilin mayında II Liqa təmsilçisi “Nasyonal”ın baş məşqçisi təyin olunan Kandido burada bir mövsüm çalışıb. Onun rəhbərliyi altında komanda Portuqaliya Kubokunda yarımfinala qədər irəliləyib, çempionatda isə 14-cü yeri tutaraq liqadakı yerini qoruyub. Mövsümün sonunda tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Kandido bu komandada 44 oyunda 17 qələbə, 10 heç-heçə və 17 məğlubiyyət izləyib.
2024-cü ilin əvvəlində portuqaliyalı mütəxəssis ilk dəfə Cənubi Amerikada çalışmaq imkanı qazanıb və Braziliyanın “Boavista” klubuna rəhbərlik edib. Rio-de-Janeyro ştat çempionatı olan Karioka çempionatında komandanı yarımfinala qədər daşıyan Kandido 13 oyunda 6 qələbə, 4 heç-heçə və 3 məğlubiyyətlə qismən uğurlu nəticə göstərib.
Həmin ilin martında üçüncü dəfə “Leyriya”ya qayıdan mütəxəssis artıq II Liqada çıxış edən komandanı çalışdırıb. Onun rəhbərliyi altında klub Portuqaliya Kubokunda üçüncü mərhələyə yüksəlib. Kandido bu dönəmdə 20 oyunda 8 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət görüb.
2025-ci ilin aprelində “Pakuş de Ferreyra”nın baş məşqçisi təyin olunan portuqaliyalı mütəxəssis mövsümün sonuna qədər komandaya rəhbərlik edib. II Liqada çıxış edən kollektiv Portuqaliya Kubokunda yalnız əlavə vaxtda ölkənin nəhəng klublarından olan “Sportinq”ə uduzaraq mübarizəni dayandırıb. Kandidonun rəhbərliyi altında “Pasuş de Ferreyra” 21 oyunda 5 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 10 dəfə məğlub olub.
İllər ərzində müxtəlif səviyyəli klublarda çalışması, maaş problemləri yaşayan kollektivlərdə və çətin idman şəraitində fəaliyyət göstərməsi Filipe Kandidoya zəngin təcrübə qazandırıb. O, həm aşağı liqalarda komanda quruculuğu prosesindən keçib, həm də Portuqaliya yüksək liqasında, ölkə kubokunda və beynəlxalq futbol mühitində müxtəlif sınaqlarla üzləşib. 2026-cı ildə isə karyerasında yeni səhifə açaraq Azərbaycan Premyer Liqası təmsilçisi “Sumqayıt”ın baş məşqçisi vəzifəsinə gətirilib. Görək burada nə ilə yadda qalacaq. Yaşı çox olmasa da, taleyin hər üzünü görüb. Görək bizdə “astar” istəyəcəkmi?
TAHİR MİRZƏ