Azərbaycan millisinin futbolçusu Toral Bayramov “Bursasporluyuz” adlı yutub kanalına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, bu yay “Qarabağ”dan “Bursaspor”a keçən 25 yaşlı sol cinah müdafiəçisi qarşıya qoyulan hədəflərdən danışıb.
– Qısa müddət əvvəl “Bursaspor”a gəlmisən. İlk təəssüratların necədir?
– Çox böyük komandaya gəldiyimin fərqindəyəm. İlk gündən burada neqativ heç nə ilə rastlaşmamışam. Komandada ab-hava çox gözəldir.
– Bursanı gəzmək imkanın olub?
– Şəhəri gəzməyə çox vaxtım olmayıb. Bursanın məşhur restoranlarında olmuşam. Buranın mətbəxi Azərbaycan mətbəxinə bənzəyir. Bu məni çox sevindirdi. Vaxtım olanda şəhəri də gəzəcəyəm.
– “Bursaspor” azarkeşləri ilə bağlı fikirlərin nələrdir?
– Azarkeşlərimiz yoxlama oyununda bizi yalnız buraxmadılar. Yoxlama matçına bu qədər fanatın gəlməsi “Qarabağ”da tez-tez rastlaşdığımız bir hal deyil. İnanılmaz dərəcədə yaxşı azarkeşlərimiz var. Onları hər zaman sevindirməyə çalışacağıq.
– Komanda yoldaşlarına tez uyğunlaşdığını görürük. Onlar səni necə çağırırlar?
– Məni çox istiqanlı qarşıladılar. Çox yaxşı kollektivimiz var. Bundan məmnunam.
– Türk dilində belə gözəl danışmağı haradan öyrəndin?
– Türk seriallarını izləyirdim, oradan öyrənmişəm.
– İllərlə “Qarabağ”ın formasını geyindin. O klub sənin üçün nə ifadə edir?
– “Qarabağ”ın məndə yeri bir klubdan daha böyükdür. Bu komandanın aşağı yaş qrupundan çıxdım, uzun illər əsas komandada çıxış etdim. Çox yaxşı xatirələrim var. Ümid edirəm ki, həmin xatirələri burada da davam etdirəcəyəm.
– “Bursaspor”dan təklif alanda ilk reaksiyan necə oldu?
– “Bursaspor”dan gələn təklifə isti yanaşdım. Çünki uzun müddət idi legioner həyatı yaşamaq istəyirdim. “Bursaspor”dan təklif gələndə isə dəyərləndirmək istədim. Çünki çox köklü, böyük klubdur.
– Avrokuboklarda çox oyuna çıxmısan. Ən çox hansı stadion diqqətini çəkib və “Bursaspor”un stadionu ilə bağlı nələr düşünürsən?
– “Timsah Arena”da hələ oyuna çıxmamışam. İlk matçımı səbirsizliklə gözləyirəm. Çünki bilirəm ki, orada inanılmaz atmosferimiz var, azarkeşlərimiz möhtəşəmdir. Oynadığım ən diqqətçəkən stadion kimi “Benfika”nın arenasını göstərə bilərəm. Orada atmosfer inanılmaz idi. Digəri isə “Enfild Roud”u qeyd etməliyəm.
– Azərbaycanda “Bursaspor”u tanıyırlar? Bu kluba keçəndə orada sənə münasibət necə oldu?
– Əlbəttə ki, tanıyırlar. Çoxları mənə uğurlar arzuladı, doğru qərar verdiyimi dedilər. Bəziləri isə gəlməyimi istəmirdilər. Ümid edirəm ki, heç kimin qəlbini qırmamışam. Məni burada izləməyə davam etsinlər.
– Futbolçu kimi özünü necə təqdim edə bilərsən?
– Bu suala cavab vermək çətindir. Özümü necə izah edəcəyimi bilmirəm. Hücuma çıxmağı, tez-tez zərbələr vurmağı sevən, aqressiv oyunçuyam.
– Hücuma çıxmağı, yoxsa müdafiə olunmağı daha çox sevirsən?
– İnanmıram ki, kimsə yalnız müdafiə olunmağı sevsin. Əlbəttə ki, hamı hücumda olmağı sevir. Mən də bunu xoşlayıram.

– “Bursaspor” azarkeşləri meydanda necə Toral izləyəcəklər?
– Hədəfimiz çempion olmaqdır. Bu yolda da necə olmaq lazımdırsa, o cür də olmağa çalışacağam.
– Karyeran ərzində bir çox qol vurmusan. Vurduğun ən yaxşı qol kimi hansını qeyd edərdin?
– Bir çox gözəl qolum olub. Mənim üçün xüsusi olanı Avropa Liqasında “Bodo-Qlimt”ə vurduğum qol oldu. Qol həm gözəl alındı, həm də komanda üçün vacib idi.
– “Qarabağ” və Azərbaycan millisinin heyətində çox sayda beynəlxalq oyuna çıxmısan. Qarşılaşdığın hansı futbolçunu xüsusi vurğulaya bilərsən?
– Ulduz futbolçulara qarşı çox oynamışam. Mənim üçün ən çətin olanlardan biri millidə olarkən Belçikaya qarşı matçda Ceremi Doku oldu. Ona qarşı çox çətinlik çəkmişdik. Ümumilikdə saymaqla bitməz. Çünki böyük ulduzlara qarşı çox matçımız olub.
– Komanda yoldaşların sənin Kilian Mbappeyə qarşı oyunda maraqlı xatirənin olduğunu deyiblər…
– Mbappeyə qarşı gözəl olmayan bir xatirəmiz var. 45 dəqiqə müdafiə olunduq. Fransaya qarşı səfərdə oynayırdıq, bu da normaldır. Fasiləyə 0:0 hesabı ilə getməyə hazırlaşırdıq. Motivasiyamız çox yaxşı idi. Mbappe birdən topu orta sahədən götürdü, demək olar ki, 11 nəfəri keçdi və qol vurdu. Necə oldu, haradan gəldi, bilmədik. Normal deyildi bu.
– Azarkeşlər səndən ilk qolu, yoxsa assisti gözləməlidirlər?
– Çətin sualdır. Çünki həm qol vurmağı, həm də assist etməyi sevirəm. Hansı qismət olsa, o da reallaşar.
– Kameraya baxaraq, azarkeşlərə nələr demək istəyirsən?
– Sizlərin qarşısında oynamağı səbirsizliklə gözləyirəm. İnanıram ki, biz birlikdə daha böyük uğurlara imza atacağıq.