Bəzi oyunlar var ki, onların dəyəri yalnız nəticə ilə ölçülmür. Elə qarşılaşmalar olur ki, həmin axşam stadionda olmaq, böyük futbolun ab-havasını yaşamaq və komandanın yanında dayanmaq qələbə qədər önəmli olur. “Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə keçirəcəyi oyun da məhz belə görüşlərdəndir.

Sofiya ÇSKA-sı Avropa futbolunun ən köklü və ənənəli klublarından biridir. Onilliklər ərzində qitə futbolunda öz izini qoymuş, zəngin tarix formalaşdırmış belə bir rəqibə qarşı oynamaq hər mövsüm qismət olmur. Doğrudur, indi bu komandada Xristo Stoiçkov kimi dahi oynamır. Amma bu komanda nəhənglik statusunu itirməyib. Buna görə də qarşılaşmanı tribunadan izləməyən hər bir azarkeş əsl Avropa futbol atmosferini yaşamaq fürsətini əldən verəcək.

Son illər “Qarabağ” Azərbaycan futbolunun ən böyük qürur mənbələrindən birinə çevrilib. Klub qazandığı nəticələrlə ölkəmizi Avropada tanıdıb, futbolumuza yeni nüfuz qazandırıb və hər mövsüm öz azarkeşinə qürur hissi yaşadıb. Bu yay da rəhbərlik daha iddialı komanda formalaşdırmaq üçün heyəti yeni transferlərlə gücləndirdi. Demək olar ki, klub azarkeşlərin stadiona gəlməsi üçün əlindən gələni etdi. İndi isə növbə tribunalarındır.

Ötən illərdə Avropada tarix yazan, Azərbaycan futbolunun adını qitənin ən nüfuzlu turnirlərində səsləndirən bu komanda bu gün UEFA Avropa Liqasında mübarizə aparır deyə doğma meydanında özünü tənha hiss etməməlidir. Əksinə, belə günlərdə komandanın ən böyük silahı məhz onun azarkeşləri olmalıdır.

Avropanın böyük futbol ölkələrinə nəzər salmaq kifayətdir. Orada azarkeşlər rəqibin adına və ya turnirin səviyyəsinə görə seçim etmirlər. Onlar üçün əsas olan sevdikləri komandanın meydana çıxmasıdır. Məhz buna görə də Almaniyada, İngiltərədə, İspaniyada, İtaliyada və digər futbol ölkələrində stadionlar demək olar ki, hər ev oyununda dolur. Böyük klubların böyüklüyünü təkcə qazandıqları kuboklar deyil, onları heç vaxt tək qoymayan azarkeşləri də müəyyənləşdirir.

1690016378 aa906a4a 113e 3581 9fec f351feea5805 850 - Futbolinfo.az

“Qarabağ” bu sevgini, bu dəstəyi və bu sədaqəti dəfələrlə haqq edib. İndi isə komandanın hər zamankından daha çox azarkeşinin səsinə ehtiyacı var. Çünki futbolçular meydanda 11 nəfərlə mübarizə aparsalar da, onları qələbəyə aparan ən böyük güc minlərlə azarkeşin yaratdığı atmosferdir.

Ağdam klubu bu gün çətin dönəmdən keçir. Heyət tam yenilənib, komandanın oyun dəst-xətti qorunsa da, uyğunlaşma dövrü bitmədiyindən müəyyən məqamlarda büdrəmələr mümkündür. ÇSKA kimi rəqiblərlə oyunlarda isə məhz həmin qırılmalar həlledici ola bilər. Belə məqamlarda “Qarabağ”ı büdrəməkdən məhz azarkeşləri qorumalıdır. Tam dolu tribunalar önündə bolqarların da şansı olmayacaq.

Yeni heyət, daha yaxşı transferlər, yeni macəranın əvvəli – tribunada olmaq, komandaya dəstək vermək üçün hər cür səbəb var. Televizor qarşısında əyləşənlərin də ürəyi komanda ilə olacaq, amma bir köynək daha yaxın olmaq, ürəkdəki hərarəti futbolçulara hiss etdirmək lazımdır. Heyətlər dəyişə bilər, komandanın əsl sahibi olan azarkeşlər həminkilərdir, hamı stadiona gəlib öz sevgisinə sahib çıxmalıdır.

Bu qarşılaşma sadəcə növbəti oyun deyil. Bu, Azərbaycan futbolunun növbəti Avropa gecəsidir. Elə isə gəlin, tribunaları dolduraq, komandamıza layiq olduğu dəstəyi verək və bir daha göstərək ki, “Qarabağ” heç vaxt öz meydanında tək qalmır!

FƏRİD

Shares: