“Kəpəz”in portuqaliyalı qapıçısı Rojerio Santosun futbolinfo.az saytına müsahibəsi
– 1 illik fasilədən sonra “Kəpəz”ə qayıtdınız. Dönüşünüz necə baş tutdu? Hansı məqamlara görə yenidən “Kəpəz”in formasını geyinməyi üstün tutdunuz?
– Keçən il mənim və ailəm üçün çox çətin keçdi. Buna görə də ailəmlə birlikdə bu yay əvvəllər xoşbəxt olduğumuz bir yerə qayıtmağın vacib olduğunu düşündük. Nəticədə “Kəpəz”ə dönüşüm reallaşdı.
– Yeni mövsümün hazırlığı necə gedir? Yəqin ki, adaptasiya üçün xüsusi vaxta ehtiyacınız yoxdur…
– Adaptasiya prosesim daha rahat keçdi, çünki klubdakı insanları artıq tanıyırdım. Hazırlıq yaxşı gedir və məşqçinin yeni ideyalarına uyğunlaşıram.
– Yeni mövsümdə “Kəpəz”in hədəfi nə olacaq? Son illərlə müqayisədə iddialı komanda görə biləcəyik?
– Məqsədimiz həmişə qalib gəlmək və azarkeşlərin komandamızla qürur duymasını təmin etməkdir. Bunu reallaşdırmaq üçün var gücümüzlə çalışacağıq.
– Baş məşqçi Azər Məmmədov haqda fikriniz necədir? Gəncəli mütəxəssisin “Kəpəz”dəki ilk fəaliyyəti uğursuz alınmışdı, bəs bu dəfə ümidləri doğrulda biləcəkmi?
– Məşqçi öz ideyalarını tətbiq edir. Mən Azər Məmmədovu əvvəl tanımırdım, amma komanda bu dəyişikliyə yaxşı uyğunlaşır.
– Azərbaycan çempionatı haqda fikriniz necədir? Liqamızda bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər hansılardır?
– Azərbaycan çempionatı çox rəqabətlidir. Dəyişmək istədiyim bir şey olsaydı, bu, bəzi stadionlarda azarkeş sayının artırılması olardı.
– Portuqaliya yığması dünya çempionatında yenə ümidləri doğrultmadı. Bunun səbəbini nədə görürsünüz?
– Dünya çempionatında Portuqaliyadan daha böyük nəticələr gözlənilirdi. Bəzən ən yaxşı oyunçulara sahib olmaq kifayət etmir. Düşünürəm ki, bəzi məqamlarda komandada qalib gəlmək istəyi çatışmırdı.
FƏRİD
