“Neftçi”ni tənqid etmək üçün çox səbəb var. 8-ci dəqiqədə 2:0 öndə olan komandanın sıradan bir rəqibə 4 top buraxaraq uduzması; digər 3 klubumuzun 7 oyuna 7 qələbə qazandığı mərhələdə evdə azarkeşlərini məyus etməsi; qələbə bir yana, hətta reytinqə heç-heçə edib xal gətirməməsi; biabırçı oyunu; pafosla danışmaq lazımdırsa, erməninin Bakıda dubl etməsinə şərait yaratmaası…
Vernidubun soyadını hecalara bölüb tənqid etmək, oyunun keçirildiyi arenadan azca yuxarı qalxıb 8-ci kilometr bazarından sabunlu kəndir də sifariş vermək olar. Lakin bütün bunlar sadəcə qəzəb soyutmaq üçün işəyaramaz vasitələrdir. Əsas məsələ Minsk “Dinamo”suna 2:4 hesablı yenilginin səbəblərini araşdırmaq, çıxış yolu tapmaqdır.
Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən başlayan bakılıların rəqibi münasib komanda sayılırdı. 100 illiyini qeyd edən Belarus təmsilçisi nəinki qitənin, heç postsovet məkanının nəhəngi sayılmır. “Neftçi” qaçqın həyatı yaşayan bu komandanı məğlub etməli, Bolqarıstandakı görüşə üstün yollanmalı idi.
Oyun elə başladı ki, bir anda əməkdaşlarımıza növbəti rəqib olan “Braqa”nın təqdimatını hazırlamağı məsləhət görmək istədim. Amma sən demə, “Neftçi”nin barıtı iki atımlıq imiş. “Dinamo” meydana öyrəşməmiş hesabı açdıq, ardınca təsadüflə gələn avtoqola sevindik. Hamı darmadağın gözlədiyi bir zamanda bakılıların “dinamo”su söndü, əsl “Dinamo” işə düşdü. Fasiləyədək fərq azaldı, ikinci hissədə isə kabus yaşadıq.
Özünlə bərabər güclü, maddi imkanlara görə üstün olmayan rəqiblə görüşdə iki top fərqli üstünlüyü əldən verirsənsə, bu, birbaşa baş məşqçinin günahıdır. Yuri Vernidub qitə miqyasındakı ilk sınağında “sinifdə qaldı”. Ukraynalı mütəxəssis yay toplanışı zamanı komandanı yaxşı hazırlaya bilməyib, dünən meydanda olan komanda Samir Abasovun vaxtındakı kollektivə bənzəyirdi.
“Neftçi” sırf müdafiə planında kifayət qədər bərbad idi. Müdafiə ilə dayaq bölgəsi oyunçuları blok halında görünmürdü. Əlaqə yox idi, oyunçular bir-birini tamamlamırdı. Hücumla rabitə itmişdi, sanki pazllar tamamlanmırdı. Belə oyunla vahid ansambl olmaq mümkün deyildi və minsklilər fürsətdən əla istifadə etdi.
Müdafiədə o qədər fərdi səhv var idi ki, bir anlıq oyunçuların məşqçini boykot etdiklərini düşünmək istəyirsən. Futbolçuların Vernidubun məşq üslubunu bəyənmədiyi, fiziki hazırlıqdan bezdikləri barədə xəbərlər dolaşırdı. Sanki onlar indi ukraynalının yola salınması üçün bilərəkdən bu qədər bərbad oynayırdı. Təbii ki, bu, ən pis ehtmal nəzəriyyəsidir. Bəlkə də elə fiziki yüklənmənin həddinin düzgün müəyyənləşməməsi üzündən oyunçular ayağını sürüyürdü.
Dəqiq olan “Neftçi”nin toplanış vaxtı yoxlama matçlarında pis çıxış etməsinin təsadüf olmamasıdır. Dünən komanda nəinki avrokuboka, hətta daxili çempionata da hazır olmadığının siqnalını verdi. Vernidub oyuna müdaxilə edib əvəzetmələrə əl atanda çox gec idi. Oyunçuları yox, üslubu dəyişmək, vaxtında faydalı tapşırıqlar vermək lazım idi. Ukraynalı mütəxəssis isə 2:0-lıq üstünlüyün əldən getməsini sakitcə izləməklə kifayətləndi.
Avrokubokda mövsümün yeganə üz qarası olan “Neftçi”ni tənqid etmək üçün kifayət qədər səbəb var. Lakin yenə də cavab matçını gözləmək məsləhətdir. Dünənki oyun təkrarlanacaqsa, səfərdə də heç nə dəyişməyəcək. Vernidub mütləq fərqli bir şeylər düşünməlidir və ziyanın yarısından qayıtmaq üçün önümüzdə bir həftə var. Komandanın maksimumu budursa, “Neftçi” heç Premyer Liqada da minimal hədəflərinə çatmayacaq. Ümid edirik ki, bu reallığı klub rəhbərliyi də görür…
FƏRİD
