“Araz-Naxçıvan”ın Qəbələdə məskunlaşması müvəqqətidir. Muxtar respublika təmsilçisi cəmi 4 ev oyununu bu şəhərdə keçirəcək.
Premyer Liqaya vəsiqə qazandığı gündən bəri Naxçıvanda meydana çıxmayan, müxtəlif stadonlarda, əsasən də Mərdəkandakı “Dalğa Arena”da rəqiblərini qəbul edən komanda bu ildən bölgəyə köçüb. Məşqlərini yenə Bakıda keçirəcək “Araz-Naxçıvan” çempionatdakı ev oyunlarını Qəbələdə keçirəcəyni rəsmən açıqlayıb.
“Futbolinfo”nun əldə etdiyi məlumata görə, bu müvəqqətidir. Bakıda stadion tapa bilməyən elita təmsilçisi məcburiyyətdən paytaxtı tərk edib. Klub rəhbərliyi paytaxta yaxın olan Şamaxıda oynamaq niyyətindədir. Amma sözügedən arenada işıqlandırma sistemi olmadığından, məcburiyyətdən Qəbələ variantı seçilib. Burada 4 ev oyunu keçirməyi düşünən naxçıvanlılar hava şəraiti dəyişəndən, projektorlara ehtiyac olmayandan sonra Şamaxıya köçəcək.
