“Qəbələ”nin yeni transferi, İslandiyanın “Vestri” klubundan heyətə cəlb edilən Edson Eduardonun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının ilk turunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub oldunuz. Sizcə, məğlubiyyətin əsas səbəbi nə oldu?

– İki gün məşq etdim və bu forma ilə debüt edəcəyim üçün çox sevinərək meydana çıxdım. Məncə, yaxşı oyun keçirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Qolu kiçik bir detal səbəbindən buraxdıq. Bu da futbolun bir hissəsidir. Qarşıdakı oyunlarda daha çox çalışacağıq.

– Burada ilk oyununuzu keçirdiniz. İlk təəssüratlarınız necədir?

– Çox keyfiyyətli komanda gördüm. Hazırda hər bir oyunçunu və komandanın oyun üslubunu daha yaxından tanıyıram. İnanıram ki, qarşıda bizi böyük işlər gözləyir.

– “Qəbələ”dən təklif alanda nə düşündünüz?

– Mənə bu imkan təqdim olunanda heç düşünmədən qəbul etdim.

– İlk təklif “Qarabağ”la Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan sonra gəldi, yoxsa ikinci oyundan sonra? Ümumiyyətlə, “Qarabağ”la oyunlarınız “Qəbələ”yə keçid qərarınıza təsir etdimi?

– Təklif “Qarabağ”la ikinci oyundan sonra gəldi. “Qəbələ”dən belə bir imkan əldə etdikdə dərhal qəbul etdim. “Qarabağ”la oyunların da bu prosesdə müəyyən rolu oldu.

– “Vestri” ilə “Qarabağ”a qarşı keçirdiyiniz hər iki oyunda məğlub oldunuz. Sizcə, “Qəbələ” ilə “Qarabağ”ı məğlub edə bilərsiniz?

– “Qarabağ”ın və ya başqa hansısa komandanın kimliyindən asılı olmayaraq, biz rəqiblərimizə hörmətlə yanaşırıq. Amma hər zaman qələbə uğrunda mübarizə aparacağıq. Buna qadirik.

– Azərbaycanda hər hansı futbolçunu tanıyırsınız?

– Bəli, “Qarabağ”ın futbolçusu Dani Boltu tanıyıram.

FƏRİD

Shares: