Kiprin APOEL klubu futbolçusu Dieqo Rosa üçün Azərbaycandan gələn təklifi cavablandırıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan klubun təklif etdiyi məbləğ rəhbərliyi qane etməyib. Bu səbəbdən APOEL “yox” cavabını verib.
İddiaya görə, təkliflə tələb arasında 200 min avroluq fərq var. Məlumatda bildirilib ki, Azərbaycan komandası yeni təkliflə kiprlilərin qapısını döyəcək. Bu dəfə sonradan birdəfəlik transfer etmək şərtilə birillik icarə variantı nəzərdən keçiriləcək.
APOEL rəhbərliyi qərar verərkən Rosanın fikrini də nəzərə alacaq. 23 yaşlı yarımmüdafiəçi isə klubunu dəyişmək niyyətindədir.
Qeyd edək ki, Dieqo Rosanın APOEL-lə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
