Çox çətin olacaq. “Qarabağ” “Tvente” ilə Bakıdakı matçda daha çox əziyyət çəkəcək. Səfər oyunlarında daha yaxşı təsir bağışlamasına alışdığımız ağdamlıların cavab görüşündə yalnız bu amilə görə sıxıntı yaşayacağını düşünmürük.
Konfrans Liqasının ilk pley-off matçında “Qarabağ” istədiyini əldə etdi. Enshededə 1:0 hesablı qələbə cavab görüşü üçün üstünlük verir. Amma təmsilçimiz dünən adət etdiyi futbolu oynaya bilmədi. Ciddi itkilər üzündən oyunun böyük hissəsində müdafiə olunmaq məcburiyyətində qalan “atlılar” daha çox döyüşməklə məşğul oldu. Bu qayda ilə isə bir oyun udmaq olar, “Tvente”ni sıradan çıxarmaq üçün yüksək səviyyəli futbol oynamaq lazımdır.
Nə baş məşqçini, nə oyunçuları qınamaq olmur. Hətta əvəzetmə üçün kifayət sayda oyunçusu olmayan “Qarabağ” yalnız bu şəkildə istədiyinə nail ola bilərdi. Abdullah Zubirin qəfil vidası, Cebrail Makreçkisin cəzası, Zəkəriyyə Savo, Elvin Cəfərquliyev, Renaldo Sefasdan ibarət zədəlilər siyahısına Pedro Bikalyonun da əlavə olunması komandanın gücünü əhəmiyyətli şəkildə azaltmışdı. Bu məqamda Qurban Qurbanovun zəkası ön plana çıxdı və o, əlindəki oyunçularla mümkün olan ən yaxşı heyəti meydana buraxdı.
Jali Muaddib sol cinahda da yüksək səviyyədə oynaya, Zubiri əvəz edə biləcəyini göstərdi; Kadi Borges əvvəlki günlərini xatırlatdı; hamı bir komanda kimi döyüşməyi bacardığını nümayiş etdirdi. Öndə pressinq, müdafiədə intizam, yarımmüdafiədə sürətli keçidlər – “Qarabağ” bütün bunları əla bacardı. Bir dəfə Kadi dirəyi nişan aldı, ikincidə qolunu vurdu. Son dəqiqələrdə isə hamı komanda halında necə müdafiə oluna biləcəyini göstərdi.
Qurbanov haqlı idi, “Qarabağ” “dağılmadığını” meydanda sübut etdi. Çətin anda toparlanan ağdamlılar tarixdə ilk dəfə Niderland klubu üzərində qələbəmizi də rəsmiləşdirdi. “Tvente” üzərində heç-heçələrlə, səfər qolu üstünlüyü ilə başlayan qrup mərhələləri seriyasının davam etməsi üçün sadəcə Bakıda uduzmamaq lazımdır. Lakin bu, asan başa gəlməyəcək.
Dünənki matç “Tvente”nin təhlükəli komanda olduğunu bir daha göstərdi. Hücum atılmaqdan başqa yolu olmayan enshedeliləri dayandırmaq, növbəti dəfə cəzalandırmaq lazım olacaq. Bunun üçün müdafiədə sayıq olmaq vacibdir. Zaman keçdikcə “Tvente” qol vurmasa, boşluqlar verəcək və bundan yararlanmaq mümkündür.
Mateus Koxalskidən əsas qapıçı rolunu ələ keçirən Martin Zlomisliç xoş sözlərə layiqdir. O, dünən qol buraxmamağımızda vacib rol oynadı. Lakin bosniyalının zərbələr zamanı topu önünə sıçratması xoş görüntü deyildi. “Tvente” yəqin ki, oyunu analiz edəcək və cavab matçında təkrar zərbələr üçün hücumçuların əlavə tapşırığı olacaq. Yəqin ki, Qurbanov da bu məqamı nəzərə alacaq.
FƏRİD
