Belə oyunların reportajı olmur, xarakter ustalıqdan önə keçəndə analiz yazmaq da çətinləşir. Stenoqrama da gərək yoxdur, tarixdə nəticə qalır, onu da “Sabah” qazandı.
Bu, “Qarabağ”ın böyümək çağırışına müsbət cavabdır. “Sabah”ın yaşı təkrəqəmli olsa da, bu müddətdə doğru işlər gördü, strateji hədəfindən yayınmadı, səbrlə zamanını gözlədi. Və mükafatını aldı.
Kaş bu siyahıya “Neftçi” də qoşula, bütün klublarımız əl-ələ verib Avropada tarix yaza, reytinqi yüksəldə, iştirakçı sayımızı artıra. Qrup mərhələsində daim 2-3 komanda ilə təmsil olunmaq ölkə futbolunun inkişafına misilsiz təkan olar.
***
“Sabah” tarix yazdı. Çempionlar Liqasındakı debütünü 4 mərhələ adlayaraq Liqa mərhələsinə qalmaqla taclandırmaq ciddi uğurdur. Bunu əvvəlki illərdə hətta pley-offa yüksəlməmiş komanda bacardı. Təmsilçimiz bunu tam haqq etdi. İlk mərhələləri cüt qələbələrlə keçdi, sonrakı rəqiblərə səfər məğlubiyyətindən sonra geridönüş edərək qalib gəldi.

“Hapoel” təcrübəli oyunçulardan ibarət, yaxşı məşqçisi olan möhkəm komanda idi. İlk oyunda İsrail təmsilçisi geridönüş edərək “Sabah”ın ümidlərini azaltmışdı. Amma “bayquşlar” ruhdan düşmədi, eyni üslubda, amma daha dramatik gedişatla cavab verdi.
***
“Sabah” ilk dəqiqələrdə epizodları boşa verəndə aydın oldu ki, erkən qol vurmaq mümkün olmayacaq. Əvəzində beer-şevalılar – ilk oyunda olduğu kimi – oyunun gedişinə uyğun olmayan qol vurdular. Hesab bərabərləşdi, Stas Pokatilov ikinci dəfə eyni “hədiyyə”ni göndərdi, qonaqlar növbəti dəfə önə keçdi. Amma Valdas Dambrauskas təslim olmadı, əksinə, aparıcı oyunçuları meydandan alaraq risk etdi, ehtiyatdakılara da güvəndiyini göstərdi. Və onlar iki bağışlanmaz səhv edən kapitanlarını vicdan əzabından xilas etdilər. Qələbə qoluna isə son dəqiqələrdə səhvlərini düzəltmək üçün rəqib cərimə meydançasına gələn Stas yox, “Sabah” üçün tarixi qollar vurmağa adət edən Tellur Mütəllimov imza atdı.

Son sanyələrdə gələn möhtəşəm qolun sarsıtdığı qonaqlar əlavə vaxtın əvvəlində azlıqda qaldı və “Sabah” həmən üstünlüyünü artırdı. Ardınca daha bir qol, boşa verilən saysız epzodlar… İndi bunları xatırlatmağa gərək yoxdur, “Sabah” artıq Liqa mərhələsindədir. Dambrauskas və yetirmələri buna təsadüfi qol və ya qələbələrlə yox, tam layiqli şəkildə nail oldu. Dünənki matçda oyun baxımından hər şey ideal deyildi, amma xarakter inanılmaz idi. Yekunu da bu amil müəyyən etdi.
***
Valdas Murad Musayevin vaxtında cücərtiləri görünən böyümə planının ilk bölümünü tamamladı. Hamıdan çox qaçan Lepiniça, hər iş bacaran Rahmonaliyev, legioner bolluğunda heyətdə möhəmlənən Daşdəmirov, meydanda hər şeyini verən Mikels, dirijor İsayev, qaya Solvet, yorulmaz Zedadka, bu oyundakı səhvlərinə rəğmən, etibarlı Pokatilov, cinahının ağası və asistləri ilə damğa vuran Puxaç, qızıl qəqiqələrin adamı Mütəllimov, dünənə qədər qollarını sıralayan Simiç və başqaları… Onlar ÇL-in qrupuna layiq idilər.

“Sabah”ın oyuna sonradan daxil olan futbolçuları ehtiyat qüvvənin də yaxşı olduğunu, Dambrauskas əvəzetmələri ilə sistemin adlardan daha önəmliliyini isbatladı. Aron Maludanın satışı da heç nəyi dəyişmədi. Yəqin ki, Valdas getmək istəyən istənilən oyunçuya layiqli əvəzedicini tapacaq. “Sabah” klub olaraq o qədər böyüyüb.
***
“Sabah”ın bu uğuru təkcə təkcə Liqa mərhələsinə düşməkdən ibarət deyil. Komanda “Qarabağ”ın kölgəsində qalmaqla barışmadı, ağdamlıların bacardığını etdi, əmin olun ki, daha yaxşısına da çalışacaq. Rəqabət budur – inkişaf gətirir. İndi görün, bu mübarizəyə ölkənin ən köklü klubu “Neftçi” qoşulsa, nələr olar…

Cari mövsümün startı göstərir ki, “Neftçi” də kölgədən çıxmaq üçün səfərbər olub. Hələliksə sabaha ümidi “Sabah” yaşadır. “Sabah”ımız xeyir!
FƏRİD