“Barselona” azarkeşlərinin bir qismi İspaniya və milli komandanın ünvanına təhqiramiz şüarlar səsləndirib. Hadisə La Liqanın 2-ci turunda “Atletik”lə (2:0) matç zamanı “Kamp Nou” stadionunda və ətraf ərazilərdə baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə azarkeşlərin İspaniya və milli komanda əleyhinə şüarlar səsləndirdiyi eşidilib. Qarşılaşma üçün üzərində “Rodri, Kataloniyanın kralı yoxdur” sözləri yazılmış plakatlar da hazırlanıb. Plakatda İspaniya kralı VI Felipenin üzərindən xətt çəkilib, yanında isə Rodri Kataloniya bayrağının rənglərində təsvir olunub.
“Kamp Nou”nun tribunalarında Kataloniyanın müstəqilliyini dəstəkləyən “estelada” bayraqları da kütləvi şəkildə nümayiş etdirilib. Matçdan əvvəl Kataloniya Milli Assambleyası (ANC) azarkeşlərə 10 min belə bayraq paylayıb. Qarşılaşmanın 17-ci dəqiqəsinin 14-cü saniyəsində tərəfdarlar “Independencia” (“Müstəqillik”) şüarını səsləndirib. 17:14 vaxtı 1714-cü ildə İspaniya qoşunlarının Barselonaya daxil olmasına işarədir və Kataloniyanın müstəqillik tərəfdarları üçün bölgənin müstəqilliyini itirməsinin simvolu sayılır.
Aksiya “Elçe” – “Barselona” matçından əvvəl baş verən insidentə reaksiya olaraq keçirilib. Ötən bazar günü “Martines Valero” stadionunun qarşısında polis kataloniyalı klubun azarkeşlərini saxlayıb və onların “estelada” bayraqlarını müsadirə edib. Azarkeşlərdən biri saxlanılarkən döyülüb.
Bundan sonra “Barselona” İspaniya millisinin heyətində 2026-cı il dünya çempionatının qalibi olan futbolçular üçün planlaşdırılan təltif mərasimini ləğv edib. Klub prezidenti Joan Laporta isə mərasim əvəzinə “estelada” bayrağına həsr olunmuş aksiyaya dəstək verib.
