Mövsümün sonuncu “Böyük Dəbilqə” seriyalı turniri olan “US Open” start götürüb.

İlk oyun günündə 24 qat “Dəbilqə” çempionu Novak Cokoviç argentinalı Mariano Navone ilə qarşılaşıb. 4 saat 40 dəqiqə davam edən görüşdə serbiyalı raketka ustası azarkeşlərini məyus edib. Hərçənd ki, ilk setdə tay-brekdə uğursuzluqla üzləşən Novak növbəti iki bölümdə vəziyyəti xeyrinə dəyişib – 7:5, 6:4. Amma 4-cü və 5-ci setlərdə Cokoviç imkanlarından aşağı səviyyədə çıxış edib. O, əvvəlcə 2:6, daha sonra 1:6 hesabı ilə uduzub.

Beləliklə, Cokoviç karyerasında ilk dəfə ABŞ Açıq çempionatında ilk mərhələdə mübarizəni dayandırıb. Bununla yanaşı, Novak 20 ildən sonra “Dəbilqə” turnirində start matçında uğursuzluqla üzləşib. Sonuncu dəfə serbiyalı tennisçi 2006-cı ildə “Australian Open”də ilk mərhələdə amerikalı Pol Qoldstinə məğlub olub.

Rusiyalı Daniil Medvedev isə ilk mərhələdə səhvə yol verməyib. O, fransalı Yuqo Qastonun müqavimətini 2 saat 18 dəqiqə ərzində qırmağı bacarıb – 6:4, 6:2, 6:4. Görüş ərzində Medvedev 10 eys və 4 breyklə yadda qalıb.

Shares: