Bu gün ssenari dəyişməsə, bəlkə də mövsümün ən kasad turunu elə indidən geridə qoyacağıq. Çünki baş tutan 4 oyunda komandalardan beşi qol vurmayıb və 3 qalib bunu tək dəqiq zərbə ilə reallaşdırıb.
Qəbələdə qonaq olan “Şamaxı” qolsuz nəticədən narazı deyil, əvəzində meydan sahibləri hələ də qapı torunu silkələməməkdən məyusdur. 3 tura qol hesabını aça bilməyən “Qəbələ” tezliklə özünə gəlməsə, son pillədə lövbər salacaq. Əslində, Kaxaber Sxadadzenin artıq adlar çəkib oyunçuları nişan verməsi komanda daxilindəki ab-havanı önə çıxarır. Gürcü sonunun yaxınlaşdığını bilir və günahkar axtarır. Onun hətta özünün seçdiyi futbolçuları ittiham etməsi 1-2 matçlıq şansının qaldığının xəbərçisidir.
“Şəfa”nın Qəbələdə qazandığı 3 xaldan sonra “İmişli”yə boyun əyməsi debütantın tam hazır olmaması deməkdir. Heyət üzvləri uyğunlaşma prosesini yekunlaşdırana kimi belə ziqzaqlı qrafiklər olacaq. Əvəzində rəqibin yeganə səhvindən maksimum faydalanan “İmişli” bir müddət rahat nəfəs alacaq. Qələbənin birbaşa rəqiblərdən biri üzərində, həm də səfərdə əldə edilməsi də onlar üçün müsbət məqamdır.
“Kəpəz” də tilsimi qırdı. Mövsümün startını 4-5 məğlubiyyət alması ilə əlamətdar edən gəncəlilər illərdir davam edən ənənəni pozdu. Bunda komandanın təmirdən çıxan əla stadionu da rol oynadı. Azarkeşlər komandaya əla dəstək verdi, qarşılığını aldılar. Didərgin həyatına son qoyub doğma stadionuna qovuşan “Kəpəz” bundan sonra hələ çox komandaya başağrı olacaq.
Qərb derbisindəki qələbə həm də “Turan Tovuz”un bərbad oyununa görə rəsmiləşdi. Gəncəlilər rəqibin bütün üstün keyfiyyətlərini neytrallaşdırdı, qonaqlara öz oyununu nümayiş etdirməyə imkan vermədi və ələ düşən fürsəti dəyərləndirib xal hesabını açdı. Tovuzluların istənlən oyunu sərgiləməməsi Kurban Berdıyevin istefaya səslənməsinə səbəb oldu. Və bu başlanğıcdır. Heyəti yaşı 30-dan yuxarı olan veteranlarla dolduran klub rəhbərliyi zamanla yanlış transferlərin fəsadını hiss edəcək. 3 tura cəmi bir qol vuran komanda ötənilki formasından çox uzaqdır.
Turun mərkəzi görüşünün nəticəsi ədalətlidir. “Zirə” itkisiz irəliləyişini davam etdirir. Rəşad Sadıqovun yetirmələri dünən ilk ciddi sınağından üzüağ çıxdı. Xüsusilə ilk hissələrdə üstün oynayan qonaqlar bu dəfə qəsəbə təmsilçisinin ağıllı oyunu sayəsində hücumdakı kəsərini itirdi. Meydan sahibləri onlara qələbə gətirən qolu vurdu, daha sonra düzgün müdafiə olunaraq zirvəyə qalxdı.
Yuri Vernidubun oyundan sonrakı açıqlamaları isə təəssüf doğurdu. Ukraynalı mütəxəssis “Neftçi”də yaxşı işlər görür, komandanın bu il daha uğurlu olacağının siqnallarını verir. Amma onun canlı yayımda “hakimlər “Zirə”ni sevir” deməsi kobud özünümüdafiə idi. Vernidub taktiki savaşda Sadıqova uduzdu, bunu etraf etməkdənsə, komandasının azlıqda qalmasını, oyunu çevirə bilməməsini kənar amillərə bağlamağa çalışdı. Təcrübəli mütəxəssis bəhanələrlə mövsümü yola verməyi düşünürsə, daha bir mövsümün əldən çıxdığını indidən demək olar.
“Neftçi” heyətini ciddi şəkildə yeniləyib. Bu səbəbdən belə məğlubiyyətlər mümkündür. Adaptasiya prosesi yekunlaşana kimi xal itkiləri olacaq. Lakin hər büdrəmədən sonra Vernidub səhvləri analiz etmək əvəzinə belə şou açmamalıdır. Hamı məğlubiyyətin niyə reallaşdığını gördü. Ukraynalı mütəxəssis ötən tur darmadağınla qalib gələn heyəti qorusaydı, Sadıqov qarşısında belə aciz olmazdı. Onun fasilədə 3 əvəzetməyə əl atmasını elə səhvlərinin etirafı kimi qəbul etməliyik.
Hələ mövsümün əvvəlidir. İndi formasının zirvəsində olanların enişi, çətin günlər keçirənlərin yüksəlişi olacaq. Bir şey dəqiqdir ki, elitada qalmaq üçün mübarizə aparanların sayı çox olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparanların sayı isə beşi keçməyəcək.
FƏRİD
