“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:
“İlk növbədə şəhərimizə və Azərbaycanımıza belə bir stadionu ərsəyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni meydançamızda ilk oyunumuz idi və qələbə qazanmaq sevincimizi ikiqat artırdı. Möhtəşəm azarkeş dəstəyi var idi. Arzulayıram ki, ölkəmizdəki hər bir matçda belə tribunalar və azarkeş coşqusu olsun. Oyuna gəlincə, çox güclü rəqibə qarşı mübarizə aparırdıq. “Turan Tovuz”u analiz edəndə müdafiə xəttinin necə mütəşəkkil olduğunu görürdüm, lakin futbolçularıma təşəkkür edirəm, möhtəşəm performans göstərdilər. Matçın ilk 15–20 dəqiqəsində uşaqlar gərginlikdən bir az özlərini itirmişdilər, lakin sonradan oyunda tarazlığı bərpa edə bildik. Nəticədə çox ağır və vacib qələbə qazandıq.
İlk dəqiqələrdə rəqibin gücünü və göstərdiyi təzyiqi nəzərə alsaq, futbolçuların gərginliyi normal idi. Fasilədə paltardəyişmə otağında tapşırıq verdim ki, müdafiəyə qapanmasınlar və irəli çıxsınlar. Uşaqlar da bu tapşırığı layiqincə yerinə yetirdilər. Sarı vərəqələrə gəlincə, bunu sərt oyun kimi dəyərləndirməzdim. Bu, futbolçuların həddindən artıq motivasiyalı və istəkli olmasından irəli gəlirdi. Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim. Vərəqələrin bir neçəsi taktiki və mübarizə follarına görə idi. Futbol kontaktdan ibarətdirsə, xəbərdarlıqların olması da qaçılmazdır”.
