“Turan Tovuz” Misli Premyer Liqasının 3-cü turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Mütəxəssis komandasının çoxsaylı epizodlar yaratmasına baxmayaraq bundan yararlana bilmədiyini bildirib:

“Ötən oyunla müqayisədə bu matçda daha yaxşı oynadıq. Buna baxmayaraq məğlub olduq. Rəqib bir epizod yaratdı və qol vurdu. Biz isə çoxlu epizodlar yaratdıq”.

Berdıyev hücum xəttindəki problemlərdən də danışıb:

“Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə problem yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləyəcəyik”.

Mütəxəssis Balau və Vadji ilə çempionluğa ümid edib-etmədikləri ilə bağlı sualı qısa cavablandırıb:

“Əlbəttə”.

Berdıyev azarkeşlərin istefa çağırışlarının onu narahat etmədiyini, yeni stadionun tikilməsindən isə sevindiyini bildirib:

“Məni narahat etmir. Azərbaycanda belə stadionların tikilməsinə ancaq sevinə bilərəm”.

Shares: