“Gəncədə oynamaq komandamız üçün ikiqat motivasiyadır. Azarkeşlərimizin qarşısında çıxış etmək bizə əlavə stimul verir. Fikrimcə, Gəncədə keçirilən oyunlar hər bir rəqib üçün çətin olacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Şahnur İsmayılov deyib.
19 yaşlı hücumçu Gəncə şəhər stadionunda azarkeşlərin qarşısında oynamağın onun üçün xüsusi hiss olduğunu bildirib. O, tərəfdarların dəstəyinin “Turan Tovuz” üzərində qazanılan qələbədə mühüm rol oynadığını vurğulayıb: “Yenidən Gəncədə oynamaq çox gözəl hiss idi. Azarkeşlərimiz möhtəşəm idilər. Onlara təşəkkürümü bildirirəm. Onların dəstəyi bizim üçün ikiqat motivasiya oldu. Düşünürəm ki, qələbədə onların da böyük rolu var. “Turan Tovuz” üzərində qazandığımız qələbə komandamız üçün böyük motivasiya oldu. İnşallah, qarşıdakı turlarda da belə qələbələrin ardı gələcək”.
İsmayılov baş məşqçinin ona verdiyi şansdan yararlanmağa çalışdığını və meydana daxil olarkən qarşısına konkret tapşırıq qoyulduğunu qeyd edib: “Məşqçilərimizə təşəkkür edirəm. Mənə güvəndilər və oyuna buraxdılar. Tapşırıq hücuma yeni nəfəs gətirmək və rəqibin stopperlərini təzyiq altında saxlamaq idi. Mən də əlimdən gələni etdim, bacardığım qədər çalışdım. Şükürlər olsun ki, sonda qələbə qazandıq”.
Gənc futbolçu komandanın yeni mövsümdəki hədəflərindən də danışıb. Şahnur kollektivdə ab-havanın yaxşı olduğunu və qarşıdakı matçlarda daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını söyləyib: “Komandamızda yeni futbolçular var. Fikrimcə, kollektivdə hər şey yaxşıdır. Məşqlərdə çalışaraq daha da yaxşı olmağa cəhd edəcəyik. Hədəfimiz qələbələr qazanmaq və yaxşı nəticələr göstərməkdir. İnşallah, qarşıdakı oyunlarda xal toplayaraq azarkeşlərimizi də sevindirəcəyik. Komandamızın potensialının yaxşı olduğunu düşünürəm və inanıram ki, qələbələrin ardı gələcək”.
GÜNAY SÜLEYMANOVA
