UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA prezidenti Canni İnfantinonu istefaya getməyə çağırıb.
Fransalı sabiq futbolçu və funksioner Beynəlxalq Futbol Federasiyasının rəhbərinin fəaliyyətini tənqid edib: “İqtisadi məsələlər bir yana, məncə, İnfantino uğursuzluğa düçar olub. Çünki o, oyun qaydalarının təminatçısıdır, amma bu qaydalara əməl etməyib. Reklam fasilələri (2026-cı il dünya çempionatında su fasilələri zamanı məcburi reklam fasilələri) qaydalarda nəzərdə tutulmayıb. Finalda 30 dəqiqəlik fasilə də reqlamentdə yoxdur. Ləğv edilən qırmızı vərəqə isə ən pis hadisə idi. O, qaydaların təminatçısıdır, amma onlara əməl etmir. Canni istefa verməlidir”.
Bundan əvvəl FIFA rəhbərinin dünya çempionatlarının keçirilməsi üçün özəl investisiyaların cəlb edilməsi planları UEFA, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyasının (AFC) narazılığına səbəb olub. UEFA-nın dünya çempionatlarının yayım hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdinə görə İnfantinoya qarşı cinayət işi başlanmasını tələb etməyə hazırlaşdığı bildirilib.
