Premyer Liqa

Autsayderlərin sürprizə gücü çatmayanda

6a9db7769b2c725 - Futbolinfo.az

Bəlkə də Misli Premyer Liqasındakı hazırkı turnir cədvəli mövsümün sonunda olacaqların anonsudur. Təbii ki, kiçik yerdəyişmələr ola bilər, lakin hazırda ilk beşlikdə qərarlaşanların sonadək avrokuboka vəsiqə uğrunda mübarizə aparacağını ehtimal etmək çətin deyil. 9 xalı olan ilk 4 komandadan ikisinin az oyun keçirdiyini nəzərə alsaq, onların çempionluq yarışının əsas favoriti olduğunu da deyə bilərik.

Son pillələrdəki cütlük də belə çıxışa davam etsə, elitada qalmaq uğrunda yarışmalı olacaq. Yeganə xalsız komanda olan “Sumqayıt” və ən pis top fərqinə malik “Araz-Naxçıvan” ümidləri doğrultmur. Dünən favoritlərə qonaq ikən sensasiyaya can atsalar da, yenə gücləri çatmadı.

Ümumiyyətlə, 4-cü tur məhsuldar keçdi. Ötənhəftəki antirekorddan sonra, “Zirə” istisna olmaqla, hamı qol vurdu, 4 matçda qapı torları 5 dəfə silkələndi. 26 qoldan yalnız altısını yerli oyunçular vurdu, mövsümün ilk het-triki reallaşdı.

Turun son günündə sensasiya qeydə alınmadı. Amma həm “Turan Tovuz”, həm də “Qarabağ” favorit olduğu matçlarda xeyli əziyyət çəkdi. “Sumqayıt” hesabı açdığı görüşdə xalsız qalsa da, tovuzlulara ciddi problem yaratdı. Qərblilər yalnız aqressiv oyunu və usta oyunçularının usta vuruşları sayəsində 3 xal qazandı. Kurban Berdıyev öz oyun dəst-xəttini yeni oyunçulara hələ tam aşılamayıb, lakin heyətin böyük ölçüdə qorunması bu prosesin daha tez bitəcəyinə ümid verir.

“Sumqayıt”da isə həyəcan artmağa başlayıb. Ardıcıl 3 məğlubiyyətdən sonra komandanın təqvimi nisbətən asandır. “Kimyaçılar” “Şamaxı” ilə növbəti matçda qələbə qazanmasa, baş məşqçi Filipe Kandidonun kreslosu laxlamağa başlayacaq.

Eyni sözləri Cavid Hüseynov haqda da deyə bilərik. “Araz-Naxçıvan”ın baş məşqçisi etimad limitini tükətməkdədir. Düzdür, onun komandası ağır təqvim üzündən özünə gələ bilmir. Lakin qarşıdakı 2-3 oyun onun da aqibətinə təsir edəcək.

Turu qələbə ilə başa vurub itkisiz irəliləyişini davam etdirən “Qarabağ”da hər şey yaxşı görünür. Ancaq ağdamlıların oyunu haqda eyni sözləri demək olmur. Qurban Qurbanov hələlik yeni oyunçuları heyətə uyğunlaşdırmaqla məşğuldur. Bu isə oyunun tempində, anlaşmada problemlərə səbəb olur. Ağdamlılar “Araz-Naxçıvan”a erkən qol vurmasaydı, bəlkə də qələbə qazanmayacaqdı. Hücumda anlaşma hələ istənilən səviyyədə deyil, yarımmüdafiədə topsaxlama üstünlüyü azalıb, müdafiədə boşluqlar var. Autsayder rəqibdən iki top buraxmaq “Qarabağ” üçün ciddi siqnal olmalıdır.

Ağdamlıların hazırda yeganə təsəllisi yalnız çempionata köklənməkdir. Qurbanovun komandanı cilalamaq üçün daha çox vaxtı olur. Lakin o da var ki, oyun sayının azlığı fərqli tempdə oynamağa öyrəşən komandaya müəyyən məqamlarda problem yaradır.

Mövsüm təzə başlayıb, enib-düşmələr olacaq. Bununla belə, o dəqiqdir ki, startda komandalar özünü necə göstəribsə, mövsümün sonunadək iddiasını ona uyğun saxlamağa çalışacaq.

ABBAS

Shares: