“Qarabağ”la yollarını ayırmaq üzrə olan Mateuş Koxalski komandasının “Araz-Naxçıvan” üzərində 3:2 hesablı qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Futboinfo.az həmin müsahibəni təqdim edir:
– Əvvəlcə sizin üçün xüsusi olan son oyun barədə fikirlərinizi bildirərdiniz…
– Mənim üçün ən xüsusi matç oynadığım son oyun idi. Düşünürəm ki, “Qarabağ” bu görüşdə 3 xal qazanmaqla çempionluq yolunda davam etmək üçün vacib olanı etdi.
– “Qarabağ”dan ayrılmaq qərarını necə qəbul etdiniz?
– Əminəm ki, hazırda “Qarabağ”ın iki yaxşı qapıçısı var – Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Ayrılmağım üçün yaxşı zamandır, çünki komanda etibarlı əllərdədir. Bu, heç asan qərar deyil. Amma bu, mənim qərarımdır və düşünürəm ki, hər kəs üçün yaxşı olacaq.
– Bu qərarı nə vaxt vermişdiz?
– Bu qərarı ötən mövsüm başa çatdıqdan sonra vermişdim. Həyatımda təkcə futbol ən vacib şey deyil, pul da əsas məsələ deyil. Həyatım və ailəm mənim üçün daha önəmlidir. Hər günüm mənim üçün vacibdir. Ona görə də bu qərarı verdim.
– “Qarabağ”da çoxlu vacib oyunlar keçirmisiniz. Azarkeşlər haqqında nə düşünürsünüz? Onlara son sözləriniz nədir?
– Hər şey üçün təşəkkür edirəm. Mən buradan nəyinsə səhv getdiyi üçün ayrılmıram. Azərbaycanı və buradakı insanları sevirəm. Burada tanış olduğum bütün insanlar mənə kömək etdilər, mənə hər şeyi verdilər. Bura gələndə adi bir qapıçı idim, amma indi hamı məni tanıyır. Siz məni daha böyük etdiniz. Buna görə bütün dəstəyiniz üçün təşəkkür etmək istəyirəm.
– “Qarabağ” karyeranızda ən unudulmaz oyun hansı olub?
– Çempionlar Liqasında “Napoli”yə qarşı səfər oyununu deməyəcəyəm, çünki uduzduq. Bəlkə də “Çelsi” ilə evdə keçirdiyimiz görüşü qeyd edə bilərəm. Böyük komandaya, Premyer Liqa təmsilçisinə qarşı oynadıq. Düşünürəm ki, bütün futbolçular belə səviyyədə oynamaq arzusundadır. Ona görə də bəlkə həmin oyun. Amma indi konkret bir qarşılaşmanı seçmək mənim üçün çətindir. Çoxlu yaxşı oyunlarım olub.
– Bir neçə dəfə İngiltərə Premyer Liqasında oynamaq istədiyinizi bildirmişdiniz. Sizcə, “Qarabağ”dan ayrılmaq qərarını bir qədər gec vermədiniz?
– Bəlkə də. Amma indi vəziyyət bir qədər çətindir, çünki yalnız çempionatda oynayırıq. Hazırda oynamaq istəyən üç qapıçı var: mən, Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Düşünürəm ki, yalnız çempionat və Azərbaycan Kuboku üçün üç qapıçıya çox yer yoxdur. Ona görə də ayrılmaq üçün yaxşı zamandır.
– Daha böyük bir kluba transfer olunacağınızı gözləyirdik. Bizim fikrimizcə, daha böyük klubda oynamağa layiq idiniz…
– Təşəkkür edirəm, amma daha böyük kluba keçmək üçün heç bir variantım yox idi.
– “Qarabağ”ın Çempionlar Liqasından və digər Avropa kuboklarından kənarda qalması sizin qərarınıza təsir etdi?
– Xeyr. Daha əvvəl də dediyim kimi, bu qərarı əvvəlcədən, mövsümöncəsi vermişdim.
– “Qarabağ”dakı karyeranızı bir neçə sözlə necə ifadə edərdiniz?
– Möhtəşəm təcrübə idi. Burada özümü məşhur insan kimi hiss edirəm. Şəhərə çıxanda hər 5 dəqiqədən bir kimsə yanıma gəlir və şəkil çəkdirmək istəyir. Mənim üçün çox, çox yaxşı və gözəl idi.
– Gələcəkdə yenidən Azərbaycana, “Qarabağ”a qayıtmaq istərdiniz?
– Gələcəkdə nə baş verəcəyini görəcəyik.
GÜNAY SÜLEYMANOVA

