Milli komanda
"Elə "Qarabağ"sayağı oynayırdılar"
İlk dəfə idi ki, millimiz yeni baş məşqçi ilə seç…
İlk dəfə idi ki, millimiz yeni baş məşqçi ilə seçmə mərhələlərdə debüt oyununda qələbə qazandı. Bu, qələbə xorvatiyalı çalışdırıcı Robert Prosineçkiyə nəsib oldu. Ümumilikdə, yığmamızın dünənki oyunu, Prosineçkinin millidə hansı dəyişiklik edib-etməməsi ilə bağlı futbol mütəxəssisləri arasında sorğu keçirmək istədik.
Əsgər Abdullayev (Millimizin sabiq baş məşqçisi): "Hamının gözlədiyi qələbə idi, o da əldə olundu. Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Baş məşqçi Robert Prosineçkinin başçılığı ilə ilk oyun idi. Yeni oyunçular dəvət olunmuşdu. Uzun müddət idi ki, qələbə üzünə həsrət idik. Bu qələbə istər-istəməz komandada özünəinamı qaytaracaq. Millidə böyük bir dəyişiklik yox idi. Gələcəkdə ola bilər ki, nəsə olsun".
Nadir Qasımov ("Şuşa Qarabağ" klubunun baş məşqçisi): "Hər kəsi təbrik edirəm. Millinin dünənki çıxışı xoşuma gəldi. Ümumiyyətlə, dünənki oyunda çox şey fərqli idi. Əvvəlki oyunlara baxanda, bu matçda komandada özünəinam hiss olunurdu. Rəqibin kimliyindən asılı olmayaraq, bu, daima olmalıdı. Dəqiq top saxlamaq, müdafiədə inamlı oyun, orta xəttin fiziki cəhətdən iş qabiliyyəti ötən görüşlərə baxanda daha yaxşı idi. Komanda qarşılaşmaya yaxşı köklənmişdi. Buvaxtacan məşqçi haqqında heç bir fikir bildirməmişəm. Prosineçkinin işi göründü. Onun 90 dəqiqə ərzində ayaqüstə dayanıb, elə bil böyük bir orksestrə drijorluq edirmiş kimi görünürdi. Komandada onu eşidirdi. Bu, bir ailənin yaranmağı haqqında xəbərdi. İnanıram ki, daha yaxşı nəticələr olacaq".
Böyükağa Hacıyev (AFFA Məşqçilər Komitəsinin üzvü): "Qalibləri mühakimə etmirlər. Əvvəla, sağ olsunlar ki, qələbə qazandılar. Ümumilikdə yaxşı təsir bağışladılar. Əslində, komandada çatışmayan cəhətlər var idi. Çox təəssüflər olsun ki, Araz Abdullayev və Elvin Yunuszadə millidə yox idi. Onlarla yanaşı Mahir Şükürovun meydanda olmamağı öz sözünü deyirdi. Rəqib də güclü deyildi. Avropada zəiflərdən biri idi. Daha güclü milli ilə qarşılaşsaydıq, daha geniş danışmaq olardı. Prosineçkini nəsə ciddi dəyişiklik etməyib. Komanda əsasən "Qarabağ"ın futbolçularından ibarətdi. Elə "Qarabağ"sayağı futbol oynayırdılar. Komandada ritm, sürət görmədim".
ZAMİN ALLAHVERDİYEV