Ölkə futbolu
"Qəbələ"nin yeni kapitanı
"Qəbələ"də Ruslan Abışovun gedişindən sonra kapitan?…
"Qəbələ"də Ruslan Abışovun gedişindən sonra kapitanın kimin olacağı maraq doğurmaya bilməz. Komandanın Avroliqaya hazırlıq çərçivəsində keçirdiyi yoxlama matçlarında bu sarğını millimizin digər üzvü Cavid Hüseynov daşıyırdı. Bu da əbəs yerə deyil. Çünki ötən mövsüm vitse-kapitan olan Hüseynov Ruslanın olmadığı matçlarda bu sarğını daşıyıb.
Bürünc mükafatçıda yeni kapitan hələ seçilməsə də, "göyərtə sahibi"nin Hüseynovun olacağı böyük ölçüdə müəyyənləşib. 27 yaşlı yarımmüdafiəçi komandanın liderlərindən biri olmaqla yanaşı, ötən mövsüm vurduğu 11 qolla bombardir adına da yiyələnib.
"Qəbələ"də daha bir vitse-kapitan isə Dododu. Ancaq komandanın heyətində oyun sayında rekordçu olan 28 yaşlı braziliyalı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını zədə üzündən boşa verməli oldu. Bu üzdən onun yenidən əsas heyətdə yer alacağı hələ bilinmir.