Ölkə futbolu
Ronni Deyla: “Nəticə qüvvələrin nisbətini əks etdirir”
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk …
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra Şotlandiya “Seltik”nin baş məşqçisi Ronni Deyla nəticədən razı qaldığını gizlətməyib. Futbolinfo.az xəbər verir ki, norveçli mütəxəssis cavab oyunu öncəsi komandasının daha böyük şansa sahib olduğunu vurğulayıb.
Doğrudu, Deyla “düyün”ün Bakıda açılacağını iddia edib. Lakin qapılarının toxunulmazlığını qoruduqlarından məmnun qaldığını gizlətməyib: “Səfərdə 1 qol vursaq, “Qarabağ” 3 dəfə qapımızın torunu silkələməli olacaq. Ancaq onların bu sayda qol vuracağı real görünmür. Deməli, növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var. Oyunçuların fərdi bacarıqlarına baxdıqda, biz daha səviyyəli komandayıq. Elə sürət baxımından da rəqibdən öndəyik. Bakıda bu xüsusiyyətlərimizdən faydalanmalıyıq. Əks-hücumlar zamanı sürətin rolu böyük olur. Komandama inanıram. Cavab qarşılaşması öncəsi müəyyən üstünlük qazanmışıq. Ancaq cütlüyün taleyi Şotlandiyadan xeyli uzaqda müəyyənləşəcək. Azərbaycan çempionundan daha çox şans yaxaladıq. Üç ya dörd dəfə fərqlənə bilərdik, lakin bu fürsətlərdən yalnız birindən istifadə etdik. Nəticə qüvvələrin nisbətini əks etdirir. “Qarabağ” yaxşı komandadı. Onlar bunu ötən mövsüm Avropa Liqasında sübuta yetiriblər. Bilirdik ki, çətin olacaq. Ancaq istədiyimiz nəticəni əldə etdik”.