Ölkə futbolu
"Kəpəz"in milliyə çağırılan futbolçusu: "O, mənə inandı"
“Kəpəz”in iki futbolçusu Azad Kərimovla Budaq N?…
“Kəpəz”in iki futbolçusu Azad Kərimovla Budaq Nəsirov 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət alıb. Futbolinfo.az xəbər verir ki, komanda yoldaşından fərqli, sonuncu gənclər yığmasına ilk dəfədir ki, çağırılır.
Nəsirov klubun mətbuat xidmətinə açıqlamasında U-21 yığmasına dəvət olunmasından danışıb: “Açıq deyirəm, yığmaya çağırılacağımı gözləyirdim. Mənim üçün əsas olan heyətdə möhkəmlənməkdi. Buna kimi aşağı yaş qrupları üzrə komandalara çağırılmışdım. U-21-ə seçilməyim xoşdu. Azarkeşlərə qələbə sözü veririk. Çalışacağıq ki, oyunlardan maksimum xallarla ayrılaq. Bizi çətin oyunlar gözləyir. İnşallah, layiqli nəticə qazanıb, hamını sevindirərik”.
Gənc yarımmüdafiəçi yığmaya dəvət olunmasında “Kəpəz” və baş məşqçi amilini qabardıb: “Yığmaya çağırılmağıma səbəb “Kəpəz”də daimi oynamağım, start heyətində meydana çıxmağımdı. Xüsusən də, baş məşqçimiz Şahin Diniyevin üzərimdə əməyi böyükdü. O, mənə inandı, əsas heyətdə oynatdı. Oyunuma mükafat da yığmaya dəvət olunmağımdı. Verilən şansdan yararlanıb, bəslənilən ümidləri doğrultmaq əsas məqsədimdi. Hədəflərimdən biri də əsas millidə çıxış etməkdi. Bu da zamanla reallaşacaq”.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan komanda Bakıda təlim-məşq toplanışına başlayıb.