Premyer-liqa
"Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməlidi"
“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin dəvə…
“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin dəvəti ilə əvəzedici heyətdən əsas komandaya çağırılan gənclər artıq “dubl”a qayıdıb. Futbolinfo.az xəbər verir ki, əsas komandanın Yevlaxda keçirilən təlim-məşq toplanışında iştirak edən gənclər arasında Rəhman Allahverdiyev də vardı. O, “Şəmkir”ə qarşı yoxlama oyununda da meydana çıxmışdı.
Klubun mətbuat xidmətinə açıqlama verən 19 yaşlı yarımmüdafəçi əsas komandaya çağırılmasından danışıb: “Biz gənclərə etimad göstərib, əsas komandaya dəvət etmişdilər. Təlim-məşq toplanışında çox şey öyrəndik. Keçdiyimiz hazırlığı normal qiymətləndirirəm. Verilən bütün tapşırıqları yerinə yetirməyə çalışdıq. Şahin müəllim təcrübəli mütəxəssisdi, yenidən əsas komandaya dəvət alsaq, möhkəmlənmək üçün əlimizdən gələni edəcəyik”.
Allahverdiyev 3 ildi ki, Gəncə klubunun şərəfini qoruyur. O, bundan əvvəlki iki mövsümdə “sarı-göylər”in heyətində birinci divizionda çıxış edib. Universallığı ilə seçilən futbolçu müdafiə və yarımmüdafiə xəttində oynaya bilir: “Hər bir futbolçunun aruzusu elitada çıxış etmək, əsas heyətdə oynamaqdı. Bizə verilən şansdan maksimum istifadə edib, özümüzü doğrultmalıyıq. Meydanda məni məşqçilər ayrı-ayrı mövqelərdə sınayıb. Harada uyğun görüblərsə, orada da layiqincə oynamağa çalışmışam. Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdı. Məşqçi nə deyirsə, onu etməliyik”.