Müsahibə
Rəşad Sadıqov: "Komanda çöküb, çətin olacaq"
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi ç…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”la Çexiya “Viktoriya”sı arasındakı cavab matçından sonra ağdamlıların kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
– Nə baş verdi ki, sizi Çempionlar Liqasının pley-off mərhələsinə daşıyacaq nəticəni son anda əldən verdiniz?
– Deyiləsi çox söz yoxdu. Olanların şahidi oldunuz. Qismət belə imiş.
– Bir neçə yüzfaizlik qol epizodunu qaçırdınız. Bu, komandaya hücumçu lazım olduğunu göstərmir?
– Bu cür oyundan sonra nəyəsə ehtiyacın olduğunu demək çətindi. Nəyə ehtiyac var? Qələbə qazanmaq üçün bundan artıq nə etmək olar, anlamıram. Deməyə söz yoxdu. Boş qapıya düşə bilmiriksə… Rəqibə bir dənə qol epizodu vermədik. 90 dəqiqə ərzində onlar qapımız qarşısında real qol şansı əldə edə bilmədilər.
– Oyun başa çatdıqdan sonra Əfran İsmayılova irad bildirirdiniz. Bunu oyun zamanı etmək olmazdı?
– İrad bildirmirdim. Qol epizodundan əvvəl demişdim ki, ortaya daha çox düşsün. Düşsəydi, bəlkə çatardı.
– “Qarabağ”da nə çatmadı?
– Sırf qismətlə bağlayıram. 90 dəqiqə ərzində bu qədər hücum qurduq.
– Amma qismət sizin tərəfinizdə olmalı idi. Bu qədər epizod yaratdınız..
– Hər işdə bir xeyir var. Bunu deyib, üstündən keçək.
– Bugünkü oyun qədər təəssüfləndiyiniz başqa qarşılaşma olub?
– “İnter”lə oyunu çıxsaq, bu qədər ağır oyunumuz olmamışdı. Mərhələ adlamağa bu qədər yaxın olduğumuz məqamda şansımızı qaçırdıq.
– Əvəzetmələr tez edilmədi?
– Oyuna nəzarət bizim tərəfimizdə idi. 80-ci dəqiqədə də biz hücum edir, qol vəziyyəti yaratmağa çalışırdıq. Rəqib cəmi bir dəfə imkan tapdı, onda da qol vurdu.
– Riçard Almeyda oyunu sona qədər davam etdirə bilməzdi?
– Çox yorulduğunu dedi. Buna görə də əvəzlənməsini istədi.
– Son dəqiqələrdə hücumda yer almağınız şəxsi təşəbbüsünüz idi?
– Qurban müəllimin tapşırığı idi. O dedi ki, hücuma keç.
– Avropa Liqasının pley-off mərhələsinə hazırlaşa biləcəksiniz?
– Çətin olacaq, komanda çöküb. Hesab başqa cür olsaydı, oyun fərqli məcrada keçsəydi, bu qədər üzulməzdik. Məqsədimizə yaxınkən, hər şey əlimizdən çıxdı, yox oldu.
ELMAR ABDULLA-ZADƏ
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”