Ölkə futbolu
"Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşq…
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov və futbolçu Vüqar Nadirov Ağdam klubunun azarkeşləri ilə birlikdə Xocalı faciəsinin il dönümü ilə əlaqədər Şəhidlər Xiyabanını ziyarət edib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov faciə haqda fikirlərini bildirib:
"Əlbəttə ki, bu gün heç birimizə xoş olan bir gün deyil. Bu qədər həmyerlimiz, analarımız, bacılarımız, belə deyək, bizim xoşbəxt olmağımız üçün öz canlarından keçiblər. Bu gün bizim üçün həqiqətən də ağırdı. Biz ancaq dualarımızla dünyasını dəyişən insanlara kömək edə bilərik. Bu gün komandamızla, azarkeşlərimizlə birlikdə öz şəhidlərimizi yad etməyə gəlmişik. Allah rəhmət eləsin, dünyasını dəyişənlərin yaxınlarına səbr versin".
Ağdam klubunun direktoru Əmrah Çəlikəl də Xocalı faciəsi haqda öz fikirlərini bildirib: "Bu gün çox üzüldüyümüz günlərdən biridir. Belə günlərdə bir yerdə olmaq lazımdır. Biz də buna görə burdayıq. Bir olduğumuzu, gücümüzü göstərmək üçün bura gəlmişik".
Əmrah Çəlikəl cəbhə bölgəsində son günlərdə yaşanan hadisələr haqda da fikilərini açıqlayıb: "Bu haqda eşitmişəm. Ancaq bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Buna görə də çox danışmaq istəmirəm. İnşallah, rəsmi açıqlama verildikdən sonra nələr baş verdiyini biləcəyik. Şəhidlərimiz varsa, Allah rəhmət etsin".