Ölkə futbolu
Axundovla Malıyevin məğlubiyyəti: Rauf Əliyev problemi bitdi
“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundo…
“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov indi klubun bazasında əyləşib, icraçı direktor Rəmiş Malıyevlə məsləhətləşir. Onlar mətbuata demək üçün aforizm fikirləşirlər.
Bir müddət öncə Zaur bəy Rauf Əliyevi heç yana buraxmayacaqlarını, futbolçunun müqavilə ilə onlara məxsus olduğunu və mütləq geri qayıdacağını bildimişdi. Bundan sonra hücumçu Albaniyanın “Kukesi” klubuyla müqavilə bağladı, buna qədər isə “İnter”lə bitən anlaşmasının surətini mətbuata açıqladı. Axundov Malıyevin hüquqşünas bacarığına güvənərək əllərində olan ikinci, fərqli tarixdə olan müqaviləni ictimaiyyətə açıqlayandan sonra isə ara qarışdı.
Hətta açıqlanan müqavilələr də sübut edirdi ki, Rauf haqlıdı, “İnter” məsələni böyütməklə yalnız özünə problem yaradır. Lakin idarəçilikdə diktatorluq yolunu seçən Axundov beynəlxalq futbol qurumlarında da futzal federasiyamızdakı metodların keçdiyini düşünüb, israr etməyə başladı. Malıyev isə bacarıqlı hüquqşünas imicinə kölgə salaraq, bu məsələdə rəisinin yanında oldu, haqqa göz yumdu və biabır oldular.
Futbolinfo.az xəbər verir ki, dünən Rauf Əliyevin “Kukesi”də oynamasına imkan verən transfer vərəqi AFFA-dan göndərilib. Bu isə o deməkdi ki, hücumçu artıq Albaniya klubunun tamhüquqlu üzvüdü.
Məlum müqavilələr mətbuata açıqlanandan sonra AFFA-nın baş katibi Elxan Məmmədov Malıyevi yanına çağıraraq danlayıb. Məmmədov tarixləri fərqli olan 2 müqavilə faktının qanun pozuntusunu üzə çıxardığını Rəmiş bəyin diqqətinə çatdırıb və Rauf Əliyevin haqlı olduğunu isbat edib. Bundan sonra “İnter” tərəfi təslim olub və Raufla bağlı məsələyə nöqtə qoyub.
İndi isə Axundovla Malıyev oturub məsləhətləşir. Həmin hadisələrdən sonra mətbuatdan qaçan cütlük jurnalistlər önünə çıxarkən hansı bəhanəylə həqiqəti şərh edəcəkləri haqda düşünürlər.