Müsahibə
“Belə oynasaq, hər bir oyunda qələbə qazana bilərik”
“Neftçi”nin yarımmüdafiəçisi İqnasio…
“Neftçi”nin yarımmüdafiəçisi İqnasio Errera Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt” üzərində 2:1 hesablı qələbəyə sevindikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Matçla bağlı nə deyəcəksən?
– Komandamla qürur duyuram. Çətin qələbə qazandıq. Azarkeşlər də möhtəşəm idi. Komandamız çox yaxşı oynadı. Rəhman Hacıyevə təşəkkürümü bildirirəm. Çünki məhz mənim səhvimi sığortaladı və həlledici qolu vurdu.
– Məşqlərdə Rəhman Hacıyevi görürsən. Cərimə zərbəsi zamanı topa yaxınlaşanda, onun qol vuracağını düşündün?
– Rəhmanın çox yaxşı zərbələri var. Üstəlik, cərimə zərbələrinin də ustasıdı. O, bunu məşqlərdə və oyunlarda da göstərir. Bir anlıq mən də fikirləşdim ki, qapıya zərbə endirəcək. Məşqlərdə də bu tipli zərbələr endirir və bunun nəticəsini indi də görürük.
– Tərlan Əhmədovun gəlişindən sonra kənardan da inam hiss edirsiz? Elxan Abdullayevin vaxtında bu cür inam yox idi komandaya…
– Tərlan Əhmədov bizdən bu oyunu tələb edir və biz də göstəririk. Elxan Abdullayevə gəldikdə, heç kimin arxasınca pis danışmaq istəmirəm. Bəlkə bu, bizim də səhvimiz idi ki, oyunumuz alınmırdı, xal qazana bilmirdik.
– Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Qələbə seriyasını davam etdirə biləcəksiz?
– Çox çətin oyun olacaq. Ancaq bu gün “Neftçi”nin oyununu gördünüz. Komandamızın əsl xarakteri var. Fiziki, mənəvi cəhətdən bütün oyunçularımız çox güclüdü. “Zirə” ilə görüşdə qələbə qazana bilərik.
– Statistakaya baxanda “Neftçi” “Zirə” üzərində çempionatda qələbə qazana bilməyib. Oyunqabağı bu statistika sizi narahat edir?
– Statistika futbolda çox vacibdi. Ancaq hər şeyi həll etmir. Çətin olacağı dəqiqdi. “Zirə” ilə matçda qələbə qazanmaq istəyirik. Sevindirici hal odu ki, yaxşı formanı məhz indi yığa bildik. Çünki hələ də heç nə itirməmişik. Belə oynasaq, hər bir oyunda qələbə qazana bilərik.
– Tərlan Əhmədov özü də deyir ki, komandada qruplaşma məsələsi tam həll olunmayıb. Belə deyim var ki, komandada braziliyalıların biri azdı, ikisi çoxdu, üçü isə faciədi. Cənubi amerikalılar harada varsa, qruplaşma yaranır. Razısan?
– Mən heç bir qruplaşmanın üzvü olmamışam və olmayacam da. Çünki yerli oyunçularla da çox yaxşı münasibətlərim var. Təbii ki, dil məsələsi də var. Cənubi amerikalılar meydanda eyni dildə danışır və ola bilər ki, meydanda daha çox bir-birimizlə danışırıq. Ancaq öz adımdan danışıram, heç vaxt heç bir qruplaşmanın üzvü olmamışam. (Dsport)