Müsahibə
Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çər&…
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Səbail”i doğma “divarlar arası”nda 1:0 məğlub edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis çoxsaylı qol imkanlarını qaçırmalarından gileylənib:
– Məmnunam. Açığı, son zamanlar komandamın oyunundan zövq alıram. Əlbəttə, daha çox qol vurmalı idik. Bundan razı deyiləm, amma böyük ölçüdə məmnunam.
– Qorxmursunuz ki, bu qədər çoxsaylı qol imkanından yararlanmamağınız sizə baha başa gələ bilər?
– Rəqibi ciddiyə alacağıq. Bilmirəm nə baş verəcək. Müxtəlif variantlara hazırlaşacağıq. Ancaq biz cavab görüşünə tam hazır olacağıq.
– Düşünmürsünüz ki, Cavid Hüseynova həddən artıq “stavka” edirsiniz?
– Cavidi Azərbaycanın ən yaxşı futbolçularından sayıram. Ona çox inanıram. Əminəm ki, o, daha yaxşı olacaq. Sadəcə, Hüseynova vaxt lazımdı. Cavid hələ həm “Qəbələ”, həm də Azərbaycan yığmasına çox fayda verəcək.
– Tellur Mütəllimov gözə dəymir…
– Son zamanlar yaxşı məşq edir. Yaxşı vəziyyətdədi. Ancaq bu oyundan zövq aldığım üçün əvəzetməyə əl atmadım. Düşünürəm ki, onun üçün bu cür kənarda qalma bir dərs oldu. Fikrimcə, o, artıq bundan bir ibrət dərsi götürüb və Telluru tezliklə meydanda görəcəyik. (Sport24)