Ölkə futbolu
Banişevskiyə verilən dəyər
AFFA prezidenti Rövnəq Abdullayevin bugünkü mətbuat k…
AFFA prezidenti Rövnəq Abdullayevin bugünkü mətbuat konfrasında səsləndirdiyi fikir təəssüf doğurur. O, Anatoli Banişevskinin adını daşıyan hansısa stadion olmamasına münasibət bildirərkən marketoloq kimi danışdı.
“Banişevski də var, Kazbek Tuayev də var. Onların hərəsinin adına bir stadion verə bilmərik. Stadion adları ancaq kommersiya məqsədli olacaq. Banişevski ilə bağlı həmişə böyük tədbirlər keçirmişik. Stadionun adlarını satacağıq ki, sponsor arenaya maliyyə ayırsın”.
Əmin deyiləm ki, Abdullayev Tuayevlə Banişevski arasında fərq qoya bilməyəcək qədər bilgisiz olsun. Biri təmin olunmuş, heç bir uğuru olmadan hər şeyə sahib olan, 50 ildi rəhbərlik etdiyi uşaq-futbol məktəbində dövlət vəsaitini dağıdan, amma heç kimi yetişdirib üzə çıxarmayan Tuayev, digəri ən yaxşı vaxtlarında da Bakıya arxa çevirməyən, SSRİ-də bütün klubların arzuladığı, dünyasını dəyişməyinə səbəb olan xəstəliyi də futbol üçün getdiyi Burkina Fasoda “qazanan”, şərəfinə heç kimin xatırlamadığı uşaq turniri keçirilən əfsanəvi Banişevski.
Çox güman ki, bu sözlər baş katib Elxan Məmmədovun prezidentin dili vasitəsi ilə mesaj kimi ötürülən təbliğatıdı. Halbuki AFFA-nın jurnalistlərin bu təşəbbüsünə dəstək verəcəyini gözləyirdik. Ümid edirdik ki, Banişevski heç bir aidiyyatı olmadığı Masallıdakı stadiondan daha yaxşı bir arenada şərəfləndirilməyə layiqdi.
Doğrusu, ürəyimizdə gizlətdiyimiz bir təklif də var idi. Artıq reallaşmayacağını bildiyimizdən açıq yaza bilərik. AFFA-nın 25 illiyində sabiq prezident, qurumun banisi Fuad Musayevin də hansısa bir xatirə lövhəsi ilə anılacağını gözləyirdik. Həm də bu lövhə başqa bir yerə yox, məhz “Şəfa” stadionuna vurulmalıydı, qondarma “İnter Arena” adı da silinməliydi. Çünki bu stadionu aclıq illərində məhz Musayev tikdirmişdi, indiki bolluqda o, hər məhəllədə bir meydança saldırardı.
Bu, həmin “Şəfa” stadionudur ki, AFFA rəhbərliyi onu dəyərindən dəfələrlə ucuz qiymətə satdı, həmin pula başqa arenalar inşa etdirdi və öz reklamları ilə məşğul oldu. “Şəfa” isə o qədər bahalı idman qurğusudu ki, indi heç kim onu bir başqasına güzəşt etmir, 4 milyona satıldığı halda 30-35 milyon manatlıq kredit üçün girov rolunu oynayır.
Kommersiya maraqlarını düşünmək yaxşıdı, lakin pul hər şey deyil. Banişevski onsuz da ürəklərdə yaşayacaq, o, “Dalğa Arena”nızdan, “Bayıl Arena”nızdan daha BÖYÜKdü. Siz pulunuzu qazanın. Məhz bu davranışınız üzündən “Futbolinfo”da sonuncu dəfə “Bakcell Arena” adını oxuyursuz, biz onu 8-ci kilometr stadionu kimi tanıyacağıq/tanıdacağıq. Yəqin təklif gözlədiyiniz yeni şirkətlər mətbuatın bu davranışından sonra üstünüzə daha “sərfəli” təkliflərlə gələr.
Siz stadiona qiymət qoyun, biz dahilərə…