Layihə
İdman mətbuatı bu gün – VIII yazı
(əvvəli bu linkdə)
Bax, AFFA-nın mətbuat konsepsiyas…
Bax, AFFA-nın mətbuat konsepsiyası bundan ibarətdi. Onlara azad mətbuat yox, sözəbaxan media lazımdı. Hətta beynəlxalq futbol qurumlarının müxtəlif proqramlar çərçivəsində media üçün ayırdığı vəsait də bu şəkildə hansısa mənasız layihələrə yönəldilir, jurnalistika bilərəkdən məhv edilir.
Və bu gün Azərbaycanın idman mətbuatı elə vəziyyətdədi ki, qonşu Rusiyada keçirilən dünya çempionatı kimi ən vacib yarışda bir həmkarımız belə yoxdu. Asılı vəziyyətə salınan, maliyyə çatışmazlığı ilə sıxışdırılan mətbuat həm də kadr çatışmazlığı üzündən belə vacib yarışı tamaşaçı kimi izləyir. Dövlətdən maliyyələşən 2 idman telekanalımızın ofsaydda qalmasının səbəbini isə yəqin, yalnız özləri bilər.
Rusiyaya niyə gedə bilmirik? Qoy, jurnalistlər cavab versin.
Aydın Bağırov: “Saytların, idman qəzetlərinin həmin mundialda nəyə görə təmsil olunmamasınının səbəbi məlumdu. İqtisadi vəziyyətin aşağı olması. Rusiyada gedib təkcə bir oyunu izləyib gəlmək bir saytın aylıq xərcindən də çox ola bilər. Amma düzü, telekanalların bu məsələyə soyuq münasibəti məni həm təəssüfləndirdi, həm də təəccübləndirdi. Dövlətin büdcəsindən İTV və “İdman Azərbaycan”a milyonlarla manat ayrıldığı halda o kanallardan bir nəfər şərhçi belə mundiala göndərilməyib. Bu, yumşaq desək, bəzi adamların işə qeyri-peşəkar münasibətinin, pula hərisliyinin göstəricidi”.
İlkin Vaqifoğlu: “İdman mediası siyasi mətbuatın kölgəsində qalıb və müqayisə etsək, vəziyyəti çox pisdi. Reklam bazarı çox məhduddu və rəqəmlər aşağıdı. AFFA dövlətdən (SOCAR) maliyyələşir və federasiya rəhbərliyi medianın da ehtiyaclarını nəzərə almalıdı. Sən dövlətin pulu ilə özün üçün az qala turizm şirkəti açırsan, mətbuatın problemləri ilə maraqlana bilmirsən? Telekanallara gəlincə, mən onların əvəzinə nəsə deyə bilmərəm. Çünki onların maliyyə durumundan xəbərsizəm. Amma əlbəttə, mən də istərdim ki, bizim telejurnalisitlər bütün böyük turnirləri yerində izləsin, daha dolğun informasiyalar versin”.
Sənan Abdullayev: “Qonşu ölkədə keçirilən mundiala jurnalist göndərə bilməməyimiz deyəndə, sırf AFFA-ya verilən yer sayı 3 idi. Onu da kefləri istədikləri kimi payladılar. Əsas bəhanələri də o oldu ki, rus dilini bilənlərə üstünlük verdik. Bu, sadəcə, absurd bir şey idi. Hamı da bilir ki, əsas ingilis dilidi. Nə olsun ki, DÇ Rusiyada keçirilir? Yəni bizə 3 yer verilibsə, maksimum bu qədər adam göndərə bilərdik. Ümumiyyətlə, DÇ boyu ab-hava və digər məqamlar üçünsə, təbii ki, maliyyə lazım idi. O da indiki jurnalistikada yoxdu. Yəqin ki, yaxın 5 ildə də olmayacaq. Amma sırf yayımçı telekanallara bildiyim qədəri ilə güzəşt olunmalıdı. Yəni məsələn, İTV və "İdman Azərbaycan"dan kimsə gedə bilərdi. Təbii ki, 2 idman kanalından heç kimin orda olmaması ayıbdı. Amma onlar da cavab verə bilərlər ki, həmin bölgə üzrə əməkdaşlarımız bağlantılar, süjetlər verirlər. Yəni burdan getməsək də, ordayıq. Təbii ki, bu, sığortadı. Çünki orda olan müxbir hər mövzu üzrə göndərilir. Ola bilməz ki, idmanı burdakılar kimi yaxşı bilsin. Elxan Məmmədov martdakı konfransda sualıma cavab verəndə dedi ki, 2 idman kanalı televiziya məkanını 50 faizi deməkdi. Yəqin bu 50 faizin niyə ora adam göndərə bilmədiyi sualına heç olmasa, 50 faiz cavab verə bilər”.
Rəşad Ergün: “Rusiyadaki dunya cempionatina jurnalist gondərə bilməməyimizin səbəbləri haqda danışmasam, yaxşıdı. Təəssüf ki, bizdə cox sahədə olduğu kimi, jurnalistikaya munasibət də gostərişli, görüntülüdü, zibilin ustunə bəzəkli suvaq vurmaq cəhdindən başqa bir şey deyil”.
Əslində, qonşu ölkəyə getmək, oyunlarda iştirak etmək işin yalnız bir tərəfidi. Bu, həm də qarşıdakı Avro-2020 üçün təcrübə imkanı idi. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşadığını nəzərə alsaq, onların DÇ vaxtı neylədiyini görmək, yaşamlarında hansı fərqlərin olduğunu görmək, reportajlar hazırlamaq lazımdı. Bizdə isə jurnalistlərə şərait yaratmırlar, onları susdurmaq üçün ev verirlər.
(davamı olacaq)
FƏRİD