Ölkə futbolu
Texniki səhvin yox, təzyiqin Qurbanı
Bu, artıq texniki səhv deyil, stressin, gərginliyin, qarışıqlı?…
Bu, artıq texniki səhv deyil, stressin, gərginliyin, qarışıqlığın, bir az da məsuliyyətsizliyin nəticəsidi. İlk belə hal olsaydı, konkret bir nəfəri günahlandırmaq olardı. Amma…
“Səbail” bu mövsüm 13-cü xalını qazanacaq və bunlardan 6-sı texniki qələbə sayəsində reallaşacaq. 4-cü turda da “Zirə” “dənizçilər”i sevindirmişdi. Bundan başqa, “Səbail”in əvəzeiciləri eyni səhv üzündən məğlubiyyət almışdı. 8 tur ərzində 3-cü belə hal…
Ciddi nöqsandı. Qeyri-peşəkarlıq? Yox! Bu işi görənlər peşəkar insanlardı, dəfələrlə sübut ediblər. Və elə həmin “Qarabağ” ötən mövsümlərdə oxşar səbəbdən “Sumqayıt”ı sevindirib. Deməli, səbəb başqadı. Legioner limiti, gənc oyunçu limiti, əvəzetmə limiti və s. Futboldan başqa beyinlər hər şeylə məşğul olur, detallar daha çox zaman alır və nəticədə belə olaylar ortaya çıxır. Məşqçilər statistik kimi, dəftərxana işçisi kimi yüklənirlər. Bir az da sistemə, qayda-qanunlara əl gəzdirilməli, hakimlərin, AFFA nümayəndələrinin işi çoxaldılmalıdı.
Bəli, Qurban Qurbanova və onun məşqçi heyətinə bu səhv yaraşmır. Amma baş məşqçi özü də etiraf edib ki, yorulub. Səhvə imza atan köməkçisi Elçin Rəhmanov Qurbanovla birlikdə dünən yığma, bu gün çempionat, sabah avrokubok matçı haqda düşünür. Bütün sahələrdə bərbad vəziyyətdi və hər şeyi bir neçə insana yükləmişik. Bütün cəbhələrdə uğurlu olmaq üçün maksimum çalışırlar, insan orqanizmidi, bəzən dözmür, təzyiq təzyiq dalınca gələndə səhvlər sıralanır.
Və Qurbanovun dəstəsi heç kimdən dəstək görmür, insanlar bəzən reallığı bilə-bilə ona yüklənirlər, möcüzə gözləyirlər, o isə tükənir, ciddi səhvlərə yol verir, nüfuzunu xərcləyir. Qurban bəy meydanda heç kimə uduzmur, meydanın kənarında aldığı badalaqlar isə taqətini tükədib.
Bu məğlubiyyət heç nəyi dəyişməyəcək, “Qarabağ” yenə hamıdan güclüdü. Amma texniki səhv dərs də olmayacaq, əlavə psixoloji yükə, təzyiq vasitəsinə çevriləcək. 3-4 gündən sonra “Vorskla” ilə matç bitincə başqa bir məqamdan danışacağıq, ardınca “Neftçi” ilə vacib oyun, Millətlər Liqasi və s. Qurbanov möhkəm, bir az da soyuqqanlı olmalıdı. İşçi komandasının bütün səhvlərinin zərbəsi ona dəyir, ya dözməli, ya da daha mükəmməl komanda qurmalıdı. Hələ özündə bütün problemlərin həliinə yetəcək gücü tapırdı, lakin etiraf edir ki, yorulub, tükənib.
Yorulma, Qurbanov, silkələn. Böyük bir səriştəsizlər ordusunun 25-30 ilə etmədiyini 2-3 ilə bacarmısan, onlardan 10 qat güclü və bacarıqlısan, səhvləri dərd etmə, onun baş verməməsi üçün mükəmməl sistemini, komandanı formalaşdır.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…