Ölkə futbolu
Ən titulluların döyüşünə 52 SAAT qalarkən
Qarşıdakı derbinin iştirakçıları – “Qarabağ&…
Qarşıdakı derbinin iştirakçıları – “Qarabağ” və “Neftçi” ölkənin ən titullu komandalarıdı. Bakılılar dünəni, ağdamlılar son illərdəki nəticələri ilə öyünür.
82 yaşlı paytaxt təmsilçisi həm SSRİ çempionatlarında, həm Azərbaycan səviyyəli yarışlarda uğurlarını xeyli əvvəl qazanıb. Böyük tarixə malik Ağdam futbolunu təmsil edən indiki “Qarabağ” nisbətən gənc komanda olsa da, son 5 ildə bütün cəbhələrdə “at oynadır”. Ümumilikdə, iki komanda birlikdə 29 titul qazanıb. “Neftçi” çempionluq (8-6) və Superkubok (2-1) sayında üstünlüyə malik olsa da, kubokda tarazlıq (6-6) hökm sürür.
SSRİ dövründə fərqli liqalarda mübarizə aparan komandaların ilk dueli müstəqillik illərinə təsadüf edib. 27 il əvvəl – 1992-ci ildə rəqiblər çempionata fərqli qruplarda başlasa da, final mərhələsində 1-12-ci yerlər üçün mübarizə aparıb. 1992-ci il sentyabrın 26-da, məhz indiki derbini qəbul edəcək Respublika stadionunda rəqabətin təməli qoyulub. Rüstəm Rəhimovun idarə etdiyi həmin görüşdə qalib müəyyənləşməyib – 1:1. İlk görüşdə “Neftçi”də Ərani Beydiyev, “Qarabağ”da Zaur Qarayev fərqlənib. Məhz hesabı açan sonuncu derbilər tarixində ilk qolun müəllifi olub. Derbidəki ilk qələbəni isə 24 gün sonra Ağdamda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” əldə edib.
1992-ci ildən başlayan rəqabətdə komandalar yalnız 1993-cü ildə çempionatda üz-üzə gəlməyib. Buna da əsas səbəb “Neftçi”nin uğursuz çıxışı olub. Düzdü, komandalar fərqli qruplarda yer alıb. Lakin qrupdan çıxa bilməyən “Neftçi” həlledici oyunlarda “Qarabağ”la görüşmək imkanını qaçırıb.
Əvəzində həmin il komandalar ilk dəfə kubokda üz-üzə gəlib. Ağdamlılar qalmaqal, dava-dalaşla başa çatan 1/4 finalda turu adlayan tərəf olub – 2:1, 0:0. Ümumiyyətlə, belə qalmaqallar derbi tarixində az olmayıb.
Hazırda hər iki düşərgədə əvvəllər digər komandanın formasını geymiş futbolçular çıxış edir. “Qarabağ”da baş məşqçi Qurban Qurbanov, eləcə də məşqçilər korpusunun əksər üzvləri – Zaur Tağızadə, Elxan Həsənov, Elçin Rəhmanov, Müşfiq Hüseynov vaxtilə “ağ-qara” formanı tərlədib. Futbolçulardan Rəşad Sadıqov, Rahil Məmmədov və Araz Abdullayev vaxtilə “Neftçi”də oynayıb. Bakılılarda isə əks düşərgədə yalnız Namiq Ələsgərov adından söz etdirib.
CAVAD