Ölkə futbolu
Qurbanovun gözündən düşən cütlük
Yayda “Qarabağ”dan ayrılan 2 futbolçunun adı bə…
Yayda “Qarabağ”dan ayrılan 2 futbolçunun adı bəllidi. Əvəzedici heyətə göndərilən Con Delarjla Araz Abdullayevin limiti bitib. Hər iki yarımmüdafiəçi intizamsızlığın əziyyətini çəkir.
Delarj hələ Antalya toplanışı zamanı Bakıya göndərilmişdi. Özünə klub tapa bilməyən legioner yekunda komandada qalası oldu və sakitcə yayın gəlməsini gözləyir. Aylıq 70 min manat maaş alan oyunçunun məhz buna görə divizionda oynamağa razılıq verməsi aydındı. Ona bu pulu heç gəldiyi Türkiyədə də verməzlər. İstedadlı futbolçu olsa da, baş məşqçi Qurban Qurbanovla ulduzu barışmadı, onun etimadını doğrultmadı.
Təbii ki, bahalı oyunçu olduğundan “Qarabağ”a yükdü. Nə avrokubok matçlarında komandaya kömək edə bildi, nə də ölkə çempionatında. Bu yay alınanlar arasında Hannes Halldorssonla birlikdə ən uğursuz transfer kimi qiymətləndirilən Con karyerasından məmnun olmasa da, qazancına görə susur. Və yaxşı təklif alan kimi gedəcək.
Araz Abdullayevin durumu da fərqli deyil. Qurbanov onun üçün böyük addım atdı. Onu milli komandaya qazandırmaq üçün bəzən “Qarabağ”ı da riskə atdı və yarımmüdafiəçi bir müddət ümidi doğrultdu. Lakin davranışı, intizamı düzəlməyən Araz sonda Qurbanovun da gözündən düşdü.
Hazırda əsas komandadan uzaq saxlanılan Abdullayev də yayda iş yerini dəyişməli olacaq. Lakin Ağdam klubu yəqin ki, onun sonuncu böyük komandası olacaq. İndiyə qədər oynadığı bütün komandalardan məhz xarakterinə görə qovulan Arazı Qurban bəy də ağıllandıra bilmədisə, onun üstündən xətt çəkmək olar.