“Səbail” klubunun futbolçusu Rüfət Abdullazadənin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 4-cü turunda “Kəpəz”ə 4:0 hesabı ilə qalib gələcəyinizi gözləyirdiniz? Oyunla bağlı fikirləriniz necədir?
– Hər oyuna olduğu kimi, bu görüşə də qələbə qazanmaq üçün çıxmışdıq. Matça yaxşı hazırlaşmışdıq. Deyə bilərəm ki, ilk dəqiqələrdən üstünlüyü ələ alıb hesabı erkən açmağımızın böyükhesablı qələbədə böyük rolu oldu. Əlimizə düşən fürsətləri dəyərləndirə bildik. Qələbə bizə növbəti oyunlar üçün əlavə motivasiya verəcək.
– İlk qələbə üçün 4-cü turu gözləməli oldunuz. Qalibiyyətin gecikməsi yeni transferlərin tam uyğunlaşmaması ilə bağlı idi, yoxsa komandanın əvvəlki turlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi ilə?
– Komandanın heyəti, demək olar ki, yenilənib. Təbii ki, oyunçuların uyğunlaşması üçün müəyyən zaman lazımdır. Ötən turlarda fürsətlərdən yararlana bilsəydik, daha fərqli nəticələr ola bilərdi. Amma hələ çempionat yeni start götürüb. Qarşıda çox oyunumuz var. Daha da yaxşı nəticə qazanmaq üçün çalışacağıq.
– Növbəti matçda turnir cədvəlinin lideri və hələ məğlubiyyət üzü görməyən “Turan Tovuz”un qonağı olacaqsınız. Səfərdən xal və ya xallarla ayrılmaq şansınız nə qədərdir?
– Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Turan Tovuz” yaxşı potensiala malik komandadır. Tovuz stadionunda çox sayda yerli azarkeşin önündə meydana çıxmaq bütün rəqiblərdə əlavə təzyiq yaradır. Bu amillərə baxmayaraq, səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Oyuna hazırlığımız davam edir.
– “Səbail” çempionatda ən çox qol vuran 3 komandadan biri olmaqla yanaşı, eyni zamanda ən çox qol buraxan ikinci komandadır. Bu statistika “Səbail”in məhz arxa xətdə axsadığını, bu üzdən çox xal yığa bilmədiyini göstərmir?
– Geridə qalan 4 tur ərzində 7 qol buraxıb eyni sayda da qol vurmuşuq. Statistikanın belə olmağına səbəb ilk turdakı nəticədir. Komandamızın yeni heyətlə ilk oyununa çıxdığını nəzərə alsaq, müdafiədə müəyyən anlaşılmazlıqların yaranması normal idi. Lakin oyundan-oyuna uyğunlaşma prosesimiz sürətlənib. Nəticələri və statistikanı yaxşılaşdırmaq da öz əlimizdədir. Bunun üçün çalışırıq. Daha yaxşı olacağına ümid edirik.
– “Səbail”in gücünün bu mövsüm ancaq Premyer Liqada qalmaq uğrunda mübarizə aparmağa çatacağını düşünənlər çoxdur. Sizcə, daha artığını etməyə imkanınız çatar?
– Hər kəsin düşüncəsinə hörmətlə yanaşıram. Amma bu, futboldur. Sürpriz nəticələr də artıq normal hal alıb. Məqsədimiz hər oyunda yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirməkdir. Bunun üçün meydanda var gücümüzlə mübarizə aparacağıq. Yaxşı nəticələr qazanıb turnir cədvəlində irəliləmək istəyirik.
ABBAS






