“Kəpəz”in yeni transferi Şakir Seyidovun futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”ə qayıdışınız necə alındı? “Sabah”da qalmamağınız baş məşqçi dəyişiklikliyi ilə bağlı oldu?
– “Kəpəz”ə qayıdışım ürəyimcə oldu. Özümü evimə qayıtmış kimi hiss edirəm. Yenidən bu klubun formasını geyinəcəyim üçün məmnunam.
– Başqa təklifləriniz də var idi, yoxsa ancaq “Kəpəz”lə danışıq aparırdınız?
– Açığı, başqa təkliflərim də var idi. Amma “Kəpəz” variantını üstün tutdum. Məni “Kəpəz”ə qaytaran səbəb Adil Şükürovun yenidən burada olmasıdır.
– Növbəti mövsümdən gözləntiniz nədir? Azarkeşlər daha iddialı “Kəpəz” görə biləcəklər?
– İnşallah, görəcəklər. Məşqlərə, yeni mövsümün hazırlığına başlamışıq. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi hər oyunda sevindirə bilək.
– “Kəpəz”in ötən mövsümkü heyətindən əksər futbolçularla yollar ayrılıb və hazırda yeni komanda formalaşmaqdadır. Heyətdəki bu qədər dəyişiklik komandanın çıxışına mənfi təsir etməyəcək?
– Adil müəllimin verdiyi təlimatları oyunda həyata keçirə bilsək, inşallah, heç bir problem yaşamarıq. İnanıram ki, yeni heyət formalaşdıqdan sonra komanda üzvləri qısa zamanda bir-birlərinə tam uyğunlaşa biləcəklər.
– Həm yarımmüdafiə, həm də müdafiə xəttində çıxış etməyi bacarırsınız? Baş məşqçi Adil Şükürov sizi daha çox hansı mövqedə oynatmağı düşünür və özünüzə hansı mövqedə oynamaq daha rahat gəlir?
– Şəxsən mən hər iki mövqedə özümü rahat hiss edirəm. Adil müəllim harada oynamağımı məsləhət bilsə, o yerdə də çıxış edəcəyəm. Əsas komandaya kömək etməkdir.
– Sabiq klubunuz “Sabah”ın “Çelye” ilə avrokubok oyunlarında şansını necə dəyərləndirirsiniz? Sizcə, “Sabah” güclü rəqibini mübarizədən kənarlaşdıraraq, sürprizə imza ata biləcək?
– Hər bir azərbaycanlı istəyər ki, ölkəmizi avrokuboklarda təmsil edən klublarımız bacardıqları qədər irəliləsinlər. Mən də istərdim ki, “Sabah” da daxil olmaqla, hər bir klubumuz növbəti mərhələyə adlasın.
FƏRİD






