“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniçanın futbolinfo.az saytına müsahibəsi

– Mövsümün son turunda “Turan Tovuz”a qalib gəldiniz. Komandanızın sərgilədiyi oyunu və nəticəni (2:1) necə şərh edərdiniz?

– Çempionluğumuzu təmin etsək də, bu oyunda da motivasiyalı idik, qalib gəlmək və uğurlu mövsümü qələbə ilə başa çatdırmaq istəyirdik. Komanda olaraq yaxşı mübarizə apardıq. Qalib gəldiyimizə görə şadam. Başqa sevindirici məqam da bu oyunda hər hansı zədənin olmamasıdır.

– “Turan Tovuz”la görüşdə gənc qapıçınız Rəvan Mirzəmmədov Premyer Liqada debüt etdi. Onun çıxışını necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, debüt matçı olmasına baxmayaraq, o, çox yaxşı oynadı. İlk hissədə bir neçə yaxşı qurtarışı oldu və onun sayəsində fasiləyə hesabda 1:0 öndə yollandıq.

– Rəvan kimi, vaxtilə “Sabah”ın akademiyasından çıxan və “Turan Tovuz”a möhtəşəm qol vuran Xəyal Əliyev haqda fikriniz necədir? Sizcə, Xəyal yaxın gələcəkdə həm “Sabah”ın, həm də Azərbaycan yığmasının liderlərindən biri ola biləcəkmi?

– Ötən mövsümlə müqayisədə onun oyununda böyük inkişaf hiss olunur. Hələ çox gəncdir və istedadı var. Sadəcə, çox çalışmağa davam etməlidir. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq.

– “Sabah” cari mövsümü “qızıl dubl” ilə bitirdi. Mövsümün əvvəlində bu cür sonluğa ümid edirdiniz?

– Bəlkə bu qədər uğurlu olacağımızı gözləmirdim, amma komandanın hər bir üzvündə öz gücümüzə inam var idi. Hər addımı düzgün atdıq və yaxşı başlanğıcdan sonra hər şeyi qazana biləcəyimizə inanmağa başladıq. Oyundan-oyuna artırdıq, sonda isə layiq olduğumuz çempionluğu və kuboku qazandıq.

– Qarşıda sizi Çempionlar Liqasında mübarizə gözləyir. Qitənin ən mötəbər klub turnirində uğurlu çıxış edə, Liqa mərhələsinə vəsiqə qazana biləcəksiniz?

– Bunu bacaracağımıza ümid edirəm. İlk növbədə uzun mövsümdən sonra yaxşı bərpa olunmaq və dincəlmək lazımdır. Ondan sonra növbəti mövsüm haqqında düşünəcəyik.

– Artıq indidən hər kəs növbəti mövsümün daha rəqabətli keçəcəyini proqnozlaşdırır. Siz də bu fikirlə razısınız? Növbəti sezonda çempionluq titulunuzu qorumağı bacaracaqsınız?

– Dediyim kimi, əvvəlcə dincələcəyik. Sonra isə növbəti mövsüm barədə düşünəcəyik.

FƏRİD

Shares: