Azərbaycan futbolunun ən böyük problemlərindən biri xarici klubların akademiyasında yerlilərimizin yetişməməsidir. Son vaxtlar ümumiyyətlə bunun şahidi olmuruq.

Belə fərqlənənlərdən biri də İlqar Qurbanov olub. “Fənərbağça”da püxtələşən Qurbanov Türkiyəni Azərbaycana dəyişməsəydi, bəlkə də adı daha uca yerlərdən gələcəkdi. İlqar həmişə mənim üçün maraqlı persona olub. Ona görə də vaxtını alıb o illərə qayıtdıq…

– Uşaqlığınız Bakının hansı tərəfində keçib? Əsliniz haradandır?

– Atam Gürcüstanda doğulub, anam bakılıdır. Özüm də 1986-cı ildə Bakıda dünyaya göz açmışam. 7-8 yaşımda futbola başlamışam. 8-ci kilometr qəsəbəsində, indiki “Neftçi Arena”ya yaxın olan 70 nömrəli məktəbdə oxumuşam. Qarşıda da rus bölməsinin olduğu 242 nömrəli məktəb idi. Hər gün elə o ərazidə oynayırdıq. Sonra “Neftçi”də əvvəlcə Çingiz Əzimov, ardınca isə İslam Kərimovun başçılığı altında çıxış etdim. Bir neçə il sonra Türkiyəyə – “Fənərbağça”ya üz tutdum.

– Futbola marağınız necə yarandı?

– Ailəmizdə hamı idmançıdır. Dayılarım İsgəndər və Füzuli Cavadovlar, atam Bəhram Qurbanov – hamısı futbolçu olub. Marağım da elə oradan yaranıb. Vaqif Cavadov da dayım oğludur, onunla az qala hər gün məhəllədə futbol oynayırdıq.

– “Fənərbağça”ya neçə düşdünüz?

– Atamın tanışı bu klubun aşağı yaş qruplarına seçim elan etdiyini dedi. Mən də gedib özümü sınadım. Uğurlu alındı, məni bəyəndilər, müqavilə imzaladım. Hər cür şərait yaratdılar.

– Maraqlıdır ki, Vaqif Cavadov ÇSKA, siz isə “Fənərbağça” kimi klubların məktəbindən çıxmısınız.

– Bəli, Vaqif ailəsi ilə Rusiyaya, biz isə Türkiyəyə köçdük. 13 yaşım var idi, uzun illər orada yaşadıq. Türkiyədə oxudum, orta məktəbi bitirdim.

– Sizinlə birgə “Fənərbağça”nın həmin komandasında çıxış edən və sonra məşhur futbolçuya çevrilən kimlər olub?

– “Fənər”in hazırkı qapıçısı Mert Günok. Onunla, demək olar, 5-6 il – əvəzedici komandaya qədər birlikdə oynamışıq. Məndən 3 yaş kiçik idi, gəlib bizimlə məşq edirdi. Atası da qolkiper olub. Mert hələ uşaq yaşlarından uzunboylu idi. Düzdür, əsas heyətə çox da düşmürdü, məşqçilər Volkan Babacana daha çox üstünlük verirdi. Semih Şentürk, sonradan “Trabzonspor” və “Qalatasaray”da oynamış Olcan Adın, otaq yoldaşım olmuş Kerim Zengin, indi “Kayserispor”un idman direktoru vəzifəsini tutan Muhammed Türkmen, Gürhan Gürsoy… Çox futbolçular var idi, amma aralarında Superliqada yaxşı səviyyədə çıxış edən az oldu. Əksəriyyəti 1-ci və 2-ci Liqalarda adlarından söz etdirdi. “Fənərbağça”nın əsas komandasında möhkəmlənmək qeyri-mümkün idi, klub böyük məbləğlər xərclədiyi legionerlərə bel bağlayırdı.

thumb20110105032618470 876 1 - Futbolinfo.az

– Uşaqlıqdan “Fənər”li idiniz?

– Yox, o vaxt belə şey yox idi. Biz gözümüzü açandan “Neftçi”ni görmüşük. Dayılarım da klubun formasını geyinib. Əmim “Fənərbağça” azarkeşi idi. Bəlkə də əvvəldən “Beşiktaş” və ya “Qalatasaray”a getsəydim, daha çox oynamaq imkanım olardı. Çünki bu iki kluba o zaman gənclərə daha çox şans verirdi. “Fənərbağça”nın yaxşı dönəmi idi və liqada hegemon idi deyə, əsas komandaya düşmək çətin idi. Buna baxmayaraq, bir müddətlik bunu bacardım.

– “Fənərbağça” ilə Azərbaycan klubları arasında oyunçu yetişdirmə və uşaq məşqçiləri planında hansı fərqlər görürsünüz?

– Onların infrastrukturu bizdən daha yaxşıdır. Bu varsa, futbolçu istər-istəməz yetişəcək. Həm də Türkiyə klublarının büdcələri bizimkilərdən daha yüksəkdir. Böyük ölkə olduqlarına görə Avropa futbol bazarına çıxışları da daha rahatdır. Türkiyəyə gələn və oradan gedən oyunçuların sayı çox olur. Bizdən xeyli bacarıqlı olduqlarını deməzdim, lakin yenə də şərait məsələsinə gəlib çıxırıq. Bizimkilər elə də zəif deyil, sadəcə imkanları geniş deyil.

– 13 yaşınızda Türkiyəyə gedəndə orada kiminlə qalırdınız?

– Anam və atamla birgə İstanbulda yaşayırdım. Türk dilində lisey bitimişəm. Özü də mənim sinfimdə yalnız idmançılar idi. Voleybolçular, basketbolçular, futbolçular… Türkcə oxumaq problem yaratmadı. Düzdür, Azərbaycanda həm öz dilimizdə, həm də ingiliscə və rusca oxuyurdum. Ancaq çətinlik olmadı, türk dilini tez öyrəndim.

– Azərbaycan və Türkiyədəki təhsil səviyyəsinin fərqi necə idi?

– Eyni idi: bizdə də, onlarda da təhsil yaxşıdır. Türkiyədə idman sinfində oxuyanlara təlim-məşq toplanışları və ya oyunlar olanda gəlməməyə icazə verirlər. Atama da klub daxilində iş vermişdilər.

– İstanbul həyatı necə yadınızda qalıb? Hər halda, Bakıdan daha böyük şəhərdir.

– 16-17 yaşıma qədər küçəyə elə də çox çıxmırdım. Yalnız evdən məşqə, məşqdən də evə gəlirdim, çünki hədəflərim var idi.

– Potensialına görə sizdən üstün olmayan, amma Türkiyə çempionatında daha irəli gedən futbolçular olub?

– Bəli. Bəzi oyunçular isə məndən daha potensiallı olsalar da, normal səviyyədə çıxış edə bilmədilər. Ya da Bilal Kısa kimi “Fənərbağça” yetirməsi olan və bu komandanın əsas heyətinə düşə bilməyən, sonradan isə “Qalatasaray”da oynayan futbolçu olub. Ümumiyyətlə, aşağı yaş qrupu çox fərqli, lotereya kimidir.

– “Fənərbağça”nın “altyapı”sında sizdən başqa digər ölkələrdən olan futbolçular çıxış edirdi?

- Futbolinfo.az

– Nigeriya, Almaniya və İngiltərədən var idi.

– “Fənər”dən indiyə qədər kiminlə əlaqə saxlayırsınız?

– Kerim Zengin, Mithat Yaşar, Muhammed Türkmenlə münasibətlərimiz var. Semih Şentürk, Volkan Demirel ilə görüşəndə danışırıq. İstanbula yolum düşəndə bazaya gedirəm. Vaxtilə birgə oynadığım futbolçuların çoxu artıq məşqçilərdir. Hələ o zaman tez-tez əsas komanda ilə matçlar keçirirdik.

– 2005-ci ildə Azərbaycana qayıtdınız. “Xəzər Lənkəran”a transferinizdə Mübariz Mənsimovun Türkiyə ilə əlaqələri rol oynadı?

– Bəli, həm də mən artıq daim oynayacağım komanda tapmalıydım. Çünki “Fənər”də mənə lazımi qədər şans verilmirdi. Türkiyənin aşağı liqa klublarına isə getmək istəmirdim. Baxmayaraq ki, “İzmirspor”, “Göztepe”, “Sakaryaspor”dan təkliflər var idi. Ora yollanan gənc futbolçuların çox itirdi. Buna görə düşündüm ki, Azərbaycana gəlib 1 il “Xəzər Lənkəran” və millidə oynayaram, sonra da Türkiyəyə qayıdaram. Düzdür, bir qədər çox çəkdi. 2,5 il sonra Superliqa təmsilçisi “Sivasspor”a keçdim.

– Bu yaxınlarda “Qalatasaray” yetirməsi olan, hazırda isə “Zirə” formasını geyinən Eren Aydından müsahibə götürmüşdüm. O, “Cim-Bom”un əsas heyətinə düşə bilmədiyi üçün hər dəfə aşağı liqa klublarına icarəyə gedib itib-batırdı…

– Erenin mövqeyində İkardi və Osimhen kimi futbolçular çıxış edir. Yəni ki, onun oynamaq ehtimalı 1 faizdir. Türkiyədə vəziyyət bu cürdür. Həm də mən lazımi baş məşqçinin dönəminə düşmədim. İsmail Kartal və ya Zikonun rəhbərliyi altında oynayacaqdım. Mən isə Kristof Daumun vaxtına düşdüm, o da gənclərə şans verməyi sevmirdi.

– Aziz Yıldırım ilə üz-üzə gəlmisiniz? Sizinlə söhbət edib?

– Bəli, özü də məhz bizim aşağı yaş qrupunu gəlib izləyirdi. 1986-87-ci illərdə doğulan futbolçulardan ibarət komandamız hər il Türkiyə çempionu olurdu. Hamı bizdən danışırdı. İki il baş məşqçimiz İsmail Kartal, iki il də hazırda Okan Burukun köməkçisi işləyən İrfan Saraloğlu olub. Saraloğlunun rəhbərliyi altında çoxlu yaxşı futbolçular yetişib. Aziz Yıldırım mənə “Azeri çocuk” deyirdi. O, bazaya gələndə həyat dayanırdı.

– İsmail Kartalla münasibətləriniz yaxşıdır?

– Bəli, çox yaxşıdır. İnkişafım da məhz onun dönəminə təsadüf etdi: 18 yaşımda Azərbaycanın əsas millisinə dəvət aldım.

thumb20070830043711534 1 - Futbolinfo.az

– “Fənərbağça” 2023/24 mövsümündə Kartalın başçılığı altında Superliqada 99 xal toplayaraq ikinci yeri tutdu. Sizcə, onun istefaya göndərilməsi haqsızlıq idi?

– Türkiyə futbolunda haqsızlıqlar çoxdur. Ən çox da yerli məşqçilərinə qarşı. Komanda 99 xal toplayırsa və hətta çempion olmursa, mütəxəssis növbəti mövsümdə postunda qalmağı haqq edir. Türkiyə klublarında stabillik çatışmır.

– “Xəzər Lənkəran” karyeranızı necə dəyərləndirirsiniz?

– Yaxşı alındı. Düzdür, məni qınayanlar çox idi. Rəhmətlik Anar Məmmədxanov da bu transferimi geriyə addım adlandırmışdı. Hətta tədbirdə görüşəndə də mənə bunu demişdi. Legioner karyeramı davam etdirməyimi istəyirdi. Ona cavab verdim ki, bunu etməyə məcbur oldum. Şəxsən mən “Xəzər Lənkəran”a tranferimi geriyə addım saymıram, çünki 2,5 il sonra Türkiyə Superliqasına qayıtdım. Lənkəranda çox yaxşı illərim keçib, 2006/07 mövsümündə “qızıl dubl”a imza atdıq. Bu komandanın azarkeşləri və stadionu möhtəşəm idi.

– 19 yaşınızda “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qarşı Gəncədəki “Qızıl oyun”un (1:2) iştirakçısı olmusunuz. Həmin matç necə yadınızda qaldı? Komandanız hansı səbəblərdən məğlub oldu?

– Oyun olaraq “Neftçi”yə uduzmadıq. Hakim səhvinə görə məğlub olduğumuzu düşünürəm. “Neftçi”nin yetirməsi olsam da, Tofiq Bəhramov adına Respublika stadionuna baş tutan matçda bu komandanın qapısına yol tapmışdım. Düzdür, 1:2 hesabıyla uduzduq, lakin qolumu vurmuşdum. Peşəkar futbolçu meydana çıxanda hansı klubun “altyapı”sından çıxdığını düşünmür. “Qızıl oyun”dakı məğlubiyyətə görə çox məyus olmuşdum, ilk çempionluğum ola bilərdi. İsveçrəli hakim Karlo Bertolini matçı yaxşı idarə etmədi. “Xəzər Lənkəran” 2004/05 mövsümündə çempionluğa layiq idi, çox yaxşı oyun göstərmişdik.

– 2007-ci ilin yayında “Sivasspor”a transferiniz necə alındı?

– Həmin vaxt komandanın baş məşqçisi “Fənərbağça”lı olan Bülent Uyğun idi. Əslində, “Sivasspor”la hələ bundan 1 il əvvəl müqavilə bağlamışdım. Ancaq “Xəzər Lənkəran”dan mənə dedilər ki, bir mövsüm də qal, sonra gedərsən. Mən də buna razılaşdım. Ağasəlim Mircavadovun başçlığı altında “Qızıl dubl” etdik, ardınca “Sivasspor”a keçdim.

– “Sivasspor”da oynasanız da, ilk “11-liy”in daimi üzvünə çevrilə bilmədiniz…

– Mövsümə start heyət futbolçusu kimi başladım, amma sonra rəqabətlə bağlı problemlə üzləşdim. O zaman komandanın hucum xəttində Mehmet Yıldız, İsrail millisinin oyunçusu Pini Balili, sonradan “Xəzər Lənkəran”a gələn İvan Tsvetkov yer alırdı. Düzdür, “Sivasspor”a qala bilərdim, lakin daha çox oynamaq üçün “Boluspor”a keçdim.

– “Sivasspor” karyeranız haqda danışılanda hər şeydən əvvəl 2007-ci il noyabrın 10-da “Beşiktaş”la oyun yada düşür. “İsmet İnönü” stadionunda 82-ci dəqiqədə meydana daxil oldunuz, cəmi 2 dəqiqə sonra isə qol vurdunuz…

– Bizim üçün çox vacib matç idi. Səhv etmirəmsə, bu 2:1 hesablı qələbə sayəsində “Sivasspor” tarixində ilk dəfə turnir cədvəlinin lideri olduq. Ümumiyyətlə, mən “Beşiktaş” azarkeşlərini həmişə bəyənirdim. “İsmet İnönü”də onların qarşısında oynamaq arzum idi. Nədənsə bu görüşdə məndə həyəcan yox idi, rahat çıxmışdım. Allah qismət etdi, qol vurdum. Rəqib qapıçı da Rüştü Reçber idi, onunla “Fənər”də komanda yoldaşı olmuşuq. Oyundan sonra dedi ki, gəlib bu qolu məhz mənim qapıma vurdun da (gülür). “Beşiktaş”ın həmin heyətində Mehmet Yozgatlı və Mert Nobre də var idi. Onları hələ “Fənərbağça”dan tanıyırdım. Düzdür, orada əsas komandada oynamadım, düşərgədə bu futbolçuları görürdüm. “Sivasspor” bu qələbədən sonra 2007/08 mövsümündə uzun müddət lider oldu, çempionluğa oynayırdıq. Təəssüf ki, son turlarda yaxşı çıxış etmədik: “Beşiktaş” və “Qalatasaray”a məğlub olduq. Yekunda yalnız 4-cü pilləni tutduq və İntertoto Kubokuna vəsiqə qazandıq.

– “Boluspor”da daha çox forma şansı qazandınız…

4686 - Futbolinfo.az

– Ora sırf bunun üçün yollandım. Daha çox oynadım, qollar vurdum. Baş məşqçi Serhat Güller idi.

– Necə alındı ki, 2009-cu ilin yayında “Olimpik-Şüvəlan”a transfer oldunuz?

– “Sivasspor”la 1 illik müqaviləm qalırdı. Mənə dedilər ki, 1-ci Liqada mübarizə aparan “Sakaryaspor”a getməliyəm. Mən isə buna razılaşmadım, tam istədiyim klub deyildi. “Sakaryaspor” o vaxt həm maliyyə cəhətdən, həm də ümumən problemlər yaşayırdı. “Sivasspor” bu qərarımdan sonra məni oynatmamağa başladı. Ardınca komanda ilə birgə təlim-məşq toplanışına yollandım. “Transfer pəncərəsi”nin bağlanamsına az qalmış “Sivasspor” rəhbərliyi mənə bir daha “Sakaryaspor”a getməli olduğumu bildirdi. Yenə razı olmadım. Mən də millinin futbolçusuyam, daim oynamalıyam. Bu zaman “Olimpik-Şüvəlan”dan təklif gəldi. Komandanı Əsgər Abdullayev çalışdırırdı. Gəlib 3-4 matç keçirdim, sonra zədələndim, ayaq barmağım sındı. Mövsümün sonuna yaxın yenidən formaya düşdüm. Onda çempionatda “altılıq” sistemi idi, elə də maraqlı deyildi. Xüsusən də son dövrə ikinci “altılıq”da çıxış edənlərə zövq vermirdi.

– 2010-cu ilin yayında “Mersin”ə üz tutdunuz…

– Mənim üçün uğurlu transfer oldu. “Mersin”dən yaxşı təklif gəldi, 1-ci Liqada çempionluğa oynayırdılar. Yekunda bu hədəfə çatdıq və Superliqaya vəsiqə qazandıq. Daha sonra klubla məhkəməlik oldum, çünki pulumu ödəmirdilər. Elə bununla dedim ki, bir daha Türkiyə 1-ci Liqasına qayıtmaram. Bilmirsən ki, futbol oynasan, maaş məsələsini həll edəsən və ya hər dəfə dəyişən baş məşqçiyə öyrəşəsən. Əsl xaos idi. Futbolçu həmişə istəyir ki, rahat olan klubda çıxış etsin.

– 2011-ci ilin yanvarında “Qarabağ”a keçdiniz…

– Qurban Qurbanovla görüşüb razılaşdıq. O vaxt “Qarabağ” indiki qədər güclü deyildi, yeni komandanın bünövrəsi qoyulurdu. Səhv etmirəmsə, 4-5-ci yerdə gedirdi. Qurban müəllim əvvəlcə məni oynatmırdı, mövsümün sonlarına yaxın şans verdi. Mən də “Xəzər Lənkəran”la 1:1 hesabıyla bitən səfər matçında qol vurdum. “Qarabağ”la 4 dəfə Azərbaycan çempionu oldum, Avropa Liqasının qrup mərhələsində oynadım. Ümumilikdə Ağdam təmsilçisində 150-yə yaxın görüşdə meydana çıxdım.

1476560187 ilqar qurbanov - Futbolinfo.az

– “Qarabağ”a qədər hücumameyilli futbolçu idiniz, bu klubda isə rolunuz dəyişdi…

– Qurban müəllimin sistemi bir qədər fərqli idi. Müdafiənin cinahında oynamağa başladım. Uzun illər bu mövqedə ən yaxşılardan idim. Şükür Allaha, çoxlu uğurlar qazandıq.

– Ardınca “Qəbələ”, sonra da “Sumqayıt”…

– “Qəbələ”yə transfer olunanda artıq 31 yaşım var idi, karyeramın sonuna doğru yaxınlaşırdım. Belimdə ağrılar hiss edirdim. Buna baxmayaraq, “Qəbələ”də də yaxşı oynadım. Zədələr yenə öz sözünü dedi. Sənan Qurbanovun başçılığı altında ölkə kubokunun qalibi oldum. 2 il “Qəbələ”də oynadım, sonra da 2019-cu ilin yayında “Sumqayıt”a keçdim. Ayxan Abbasovun baş məşqçi olduğu dönəm idi. 1 il oynamadım, çünki pandemiya oldu, çempionat dayandı. Həm də zədəm var idi. Sonra da 34 yaşımda karyeramı başa vurdum. Düşünürəm ki, bu qərarı vaxtında vermək lazımdır. Fikrimcə, normal karyera idi.

– Ayxan Abbasovla yaxşı münasibətləriniz oradan başladı?

– Yox, onunla birgə “Qarabağ”da da oynamışıq. İndi də millinin uğurları üçün çalışırıq. Azərbaycanda, demək olar, bütün tanınmış futbolçularla birlikdə çıxış etmişəm.

– Türkiyənin U-15, U-16 və U-17 yığmalarında da oynamısınız. Hətta Yunanıstanla matçda qol vurmusunuz. Karyeranızın həmin dövrü ilə bağlı xatirələriniz necədir?

– Dəqiq xatırlamasam da, Balkan ölkələrinin turnirində 2-ci yeri tutmağımız yadımdadır. Komandanın ən aparıcı futbolçusu Arda Turan idi. “Qalatasaray”dan həmçinin Cafercan Aksu millidə oynayırdı. Çox yaxşı nəsil idi. Serdar Özkan, hazırda 1-ci Liqada “Pendikspor”un baş məşqçisi olan Uğur Uçar da həmin heyətdə idi.

– Türkiyənin əsas millisinə dəvət alacağınıza ümidiniz var idi?

– Yox, Azərbaycan məni daha çox özünə çəkirdi. Burada məni aşağı yaş yığmalarına çağırmırdılar. Sonra Vaqif Sadıqovun dönəmində U-21-ə gəlib 1 oyun keçirdim. Növbəti gün də əsas millidən dəvət gəldi. Komandanı Karlos Alberto Torres çalışdırırdı. Yığmada ikinci matçımda Özbəkistanın qapısına yol tapdım.

599940 1 - Futbolinfo.az

– Berti Foqtsun dövründə yığmada cəmi 1 oyun keçirmisiniz. Sizinlə bağlı demişdi ki, “Makdonalds”da nahar edən futbolçu mənə lazım deyil…

– Düzü, “Makdonalds”a yeməmişdim. Foqts özündən belə bir açıqlama vermişdi. Mən də baş qoşmadım, milliyə dəvət etmirsə, etməsin. Hansısa futbolçunu belə bəhanəyə görə yığmaya çağırmamaq… O dönəmi ümumiyyətlə xatırlamaq istəmirəm. Bu mövzu vaxtında çox şişirdildi, çox danışıldı.

– Türkiyəni istisna etsək, futbolçu ikən hansı xarici ölkənin klublarından təkliflər almısınız?

– “Mançester Siti”nin zəif, ərəb sahiblərinə qədərki illərində skautları gəlib məni izləmişdi. Elə-belə maraq yaranmışdı. İnternetdə də bu barədə oxuya bilərsiniz. Sonra bilmədim məsələ necə oldu. Bu haqda Türkiyə mətbuatında da yazılmışdı. Rusiya, Ukrayna kimi ölkələrdən maraq olurdu, amma rəsmi təklifə çevrilmirdi. Həmin dövr fərqli idi. İndi istənilən oyunçu ilə bağlı məlumatı qısa müddət ərzində tapmaq mümkündür.

– Futbolumuzda ötən illərlə müqayisədə problemlərin azaldığını söyləmək olar?

– Bəli, gündən-günə azalır, yaxşılığa doğru gedir. Bir neçə ilə daha yaxşı olacaq. İnfrastruktur daha yaxşı olandan sonra daha çox futbolçu yetişəcək. Yavaş-yavaş düzəlir. Düzdür, meydançalar hələ də azdır, lakin bizim dönəmimizdə ümumiyyətlə torpaqda oynayırdıq. İndiki nəsil daha şanslıdır, öz üzərində daha çox işləməlidirlər.

– Oyunçularımızın hətta legioner limitinin ləğvindən sonra xarici klublara getməyə can atmamasını nə ilə əlaqələndirirsiniz?

– Bu, bir qədər ayrı mövzudur. Çətin məsələdir. “Mən istədim və xarici kluba getdim” kimi bir şey yoxdur. Klublarımız avrokubokların əsas mərhələsində nə qədər çox çıxış etsələr, futbolçularımızı da xarici klublar daha tez alacaqlar. Məsələn, “Qarabağ”ın yerli oyunçularına təkliflər var. Vaxtında Vaqif Cavadov “Tvente”yə, Mahir Emreli “Legiya”ya gedib, indi Elvini, Bəhlulu, Toralı istəyənlər var. Sadəcə biz xaricdə çıxış edən futbolçularımızın çox olmasını istəyirik, bunun üçün də zaman lazımdır.

– “Sabah”ın bumövsümkü uğurunun sirrini nədə görürsünüz?

– Əsas amil odur ki, klub uzun illər çox düzgün bünövrə qurub. Düzdür, 9-10 il çox da uzun deyil, ancaq “Sabah”ın sözügedən müddətdə bu qədər inkişaf etməsi çox böyük uğurdur. Həm infrastruktur baxımından, həm klub, həm də komanda olaraq. “Sabah”ın şəraitini, iş prinsiplərini görürük. Ötən mövsüm də, cari futbol ilində də nəticə qazandılar. Düşünürəm ki, belə klublarımız daha çox olmalıdır. “Sabah” başqaları üçün nümunəyə çevrilməlidir.

– Valdas Dambrauskasın işini necə dəyərləndirirsiniz?

– “Sabah” uzun müddət baş məşqçi axtırışında oldu. Sonda çox yaxşı və kluba uyğun mütəxəssis tapdılar. Bu da bəhrəsini verdi, “qızıl dubl”a imza atdılar. Bu, asan bir şey deyil, cari mövsüm rəqabət çox idi. “Qarabağ”ın avrokuboklardakı nəticələrini görürük, “Neftçi” yaxşı heyət yığmışdı, “Turan Tovuz” və “Zirə”ni də qeyd edərdim. “Araz-Naxçıvan” və “Sumqayıt”a da böyük büdcə ayrılmışdı. Bir sözlə, “Sabah”ın bu çempionatda qalib olması alqışa layiqdir. Bu klubun daha böyük uğurlar əldə edəcəyini düşünürəm.

– Legioner limitinin ləğvinin də bu məsələyə təsir göstərdiyini demək olar? “Sabah” daha keyfiyyətli legionerlər gətirdi, buna qədər isə bəzi yerli futbolçularla çempionluq yarışında geri qalırdılar…

44545456 - Futbolinfo.az

– Yaxşı legionerlərin həmişə komandaya köməyi olur, yerli oyunçular da onlara baxıb inkişaf edir. “Sabah”ın sırf legioner limitinin sayəsində bu uğurları qazandığını desək, haqsızlıq etmiş olarıq. Onlar ötən mövsüm də ölkə kubokunu başı üzərində qaldırdı. Bu klub yaşı az olsa da, “mən gəlirəm” mesajını verirdi. Düzdür, çoxları bunu gözləmirdi. Amma bir qədər araşdırsaq, “Sabah”ın uzunmüddətli strategiyasının olduğunu və buna uyğun hərəkət etdiklərini görərik. Hər şey göz qabağındadır.

– “Qarabağ”ın Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməsi də Misli Premyer Liqasında çempionluq mübarizəsində sözünü dedi?

– Yox, belə deməzdim. “Sabah”ın bumövsümkü çempionluğuna kölgə salmaq olmaz. Bu cür iddia etsək, kluba və futbolçulara qarşı haqsızlıq edərik. “Qarabağ” Çempionlar Liqasının pley-offunda oynayıbsa, bu komandaya necə zəif deyə bilərik? Bunu yalnız futboldan anlayışı olmayanlar söyləyər. “Sabah” cari mövsüm çox güclü idi. Təkcə mən deyil, çox adam belə düşünür. Futbolu az-çox başa düşən bunu görür. “Sabah” az qala hər oyunda öz gücünü göstərir, 1:0 hesablı qələbələrlə kifayətlənmirdi. “Qarabağ” 10 ildən çoxdur avrokubokların əsas mərhələsində mübarizə aparır, bu qrafikdə çıxış edir. Birinci mövsümü deyil ki, onlar üçün gözlənilməz olsun. Futboldur da, belə hallar baş verir.

– “Neftçi”nin yüksəlişini sırf Yuri Vernidub amili ilə əlaqələndirirsiniz?

– Klub rəhbərliyi yaxşı işlər görüb: infrastruktur, baza, meydançalar. “Neftçi” yavaş-yavaş özünə gəlir, bizi sevindirir. Elə “Turan Tovuz” da.

– “Fənərbağça”ya hələ də azarkeşlik edirsiniz? “Qalatasaray”ın çempionluğunu necə dəyərləndirirsiniz?

– Əlbəttə, azarkeşlik edirəm. “Qalatasaray” əzəli rəqibdir, bu mövsüm daha güclü idi. Heyətində Osimhen kimi hücumçusu var.

– Aziz Yıldırımın “Fənərbağça”nın prezidenti postuna mümkün qayıdışı haqda nə düşünürsünüz?

– Açığı, bunun lazımi effekt verəcəyinə inanmıram. Həm yaşı ilə əlaqədar, həm də Türkiyə futbolu çox qarışıqdır, nə olacağı bilinmir.

TAHİR MİRZƏ

a15bfd74 78ac 41aa 963b bfe0ba03d9bf - Futbolinfo.az
Shares: